• SİYASƏT

    13:33 29 avqust 2022

Erməni diasporunun Qarabağda xərclədiyi pullar göyə sovruldu - ARAŞDIRMA

Qarabağ müharibəsində Azərbaycanın hərbi və daha sonra siyasi qələbəsi yalnız torpaqların işğaldan azad olunması ilə nəticələnmədi, həm də Qarabağ münaqişəsini tarixə qovuşdurdu. Keçən iki ilə yaxın müddət ərzində beynəlxalq ictimaiyyət artıq yeni status-kvonu qəbul edib. Lakin bəzi erməni revanşist qruplar və separatçı ünsürlər, eləcə də onların erməni diasporu daxilindəki müttəfiqləri müharibədən əvvəlki ritorikanı davam etməyə səy göstərsələr də, rəsmi Bakının preventiv addımları buna imkan vermir. Məhz bu səbəbdən bir neçə həftə öncə Azərbaycan ordusu tərəfindən “Qisas” anti-terror əməliyyatı həyata keçirildi və nəticədə Laçın şəhəri və ətraf kəndlərdən qanunsuz yaşayan erməni vətəndaşlarının çıxarılması prosesi başlandı.

Qanunsuz şəkildə yaşayan ermənilərin avqustun sonlarına kimi çıxması tələb edilən yaşayış məskənlərindən biri də Laçın rayonunun Zabux kəndidir. Zabux kəndinin Laçın dəhlizinin yaxınlığında yerləşməsi səbəbindən strateji əhəmiyyət böyük idi və məhz buna görə də işğaldan sonra bu əraziyə süni köç reallaşdırılmışdı

“Azərkosmos” ASC-nin 2019-cu ildə “Ermənistan işğalındakı Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər” haqqında hesabatında erməni tərəfinin Zabux kəndi ətrafında qanunsuz tikintilər apardığı foto şəkillərlə təsdiqlənib

Həmçinin bu ərazilərə Livan və Suriyadan köç edən etnik ermənilərin məqsədyönlü şəkildə məskunlaşdırılması işi də aparılırdı

Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, Zabux kəndi ərazisində aparılan qanunsuz sosial infrastrukturun tikintisi xaricdə yaşayan erməni iş adamları və diaspor nümayəndələrinin ianələri hesabına həyata keçirilib. Məhz Zabux kəndindəki infrastruktur layihələri 2009-cu ildə işğal altında olan (Qubadlı, Zəngilan və Laçın rayonları) ərazilərdə dayanıqlı inkişafı təmin edərək bu ərazilərdə erməni əhalisini məskunlaşdırmaq məqsədi ilə Livan erməniləri tərəfindən yaradılmış ARI (Artsakh Roots Investment) təşkilatı vasitəsi ilə həyata keçirilməyə başlanıb.

Təşkilatın rəsmi saytında bu ərazilərdə hansı yollarla investisiya qoyula biləcəyi haqqında məlumatlar verilib. Ümumi olaraq Zabux kəndində 3 mərhələli şəkildə 150 evin tikintisi planlaşdırıldı və tikinti işləri 2014-cü ildən etibarən başladı. 2016-cı ilin sentyabr ayında isə təşkilatın rəhbəri Stepan De-Bedrosiyanın iştirakı ilə açılış həyata keçirildi. Qeyd edək ki, açıq mənbələrdə verilən məlumata əsasən, 2011-2016-cı illər ərzində təşkilat tərəfindən vaxtilə işğal altında olmuş ərazilərdə sosial-iqtisadi vəziyyətin gücləndirilməsi məqsədi ilə kiçik kreditlər şəkilində ümumi dəyəri 4 milyon ABŞ dollarından çox maliyyə vəsaiti xərclənib.

Bu günlərdə Azərbaycan Ordusunun Laçın şəhərini, o cümlədən Zabux kəndini nəzarətə götürməsi həm də qlobal erməni “xeyriyyə” fondlarına göndərilən bir siqnaldır. Çünki uzun illər ərzində qanunsuz məskunlaşma üçün xərclənilən milyonlarla dollar həcmində vəsait faktiki olaraq mənasızlaşdı. Süni köçlər vasitəsi bölgəyə yerləşən yerli və gəlmə ermənilər ərazidən uzaqlaşdırıldı, qanunsuz şəkildə tikilən sosial infrastruktur Azərbaycanın mülkiyyətinə keçdi.

Rəsmi Bakı münaqişə başlamamışdan öncə bölgədə yaşamayan və sonrakı illərdə diasporun dəstəyi ilə mənzillərlə təmin edilmiş ermənilərin bölgədə qalmasına izin verməyəcək. Çünki rəsmi Bakı Qarabağ ərazilərində müharibədən öncə yaşayan əhalinin kimliyi haqda ətraflı arxiv məlumatlarına malikdir.

Baş verənlər, bir daha qanunsuz tikinti işlərinə xərclənən milyonların maliyyət itkisi olduğunu, sonunun nə ilə nəticələnəcəyini göstərən mühüm bir önəkdir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR