Dekabrın 6-da xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
ONA XİN-ə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub.
Azərbaycanla ABŞ arasında bir sıra istiqamətlərdə tarixi əməkdaşlıq münasibətlərlərinin əhəmiyyəti və qarşılıqlı maraqlar çərçivəsində ikitərəfli münasibətlərin inkişafının vacibliyi qeyd olunub. Azərbaycanın cari ilin noyabr ayında ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan-ABŞ əməkdaşlığı yüksək qiymətləndirilib.
Nazir müavini Elnur Məmmədov post-münaqişə dövründə bölgədə vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan danışıqlar barədə qarşı tərəfə məlumat verib. Sülh sazişi üzrə danışıqlarda əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistanın Konstitusiyasında, qanunvericilik aktlarında, habelə beynəlxalq təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar bir daha xatırlanıb və bu iddialardan əl çəkməyin vacibliyi vurğulanıb.
Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.