“Azərbaycanda 1992-ci illərdə qaz, elektrik yox idi. Heydər Əliyev Azərbaycanda enerjisi təhükəsizliyini, o cümlədən qida təhlükəsizliyini tam təmin etdi”.
ONA-nın məlumatına görə, bunu Milli Məclisdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri ilə görüşdə “Azərbaycanda enerji təhlükəsizliyi” mövzusunda çıxış edən Milli Məclisin sədr müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov bildirib.
Valeh Ələsgərov deyib ki, Xəzər dənizinin hüquqi statusu müəyyənləşsə də, məsələ tam həllini tapmayıb: “1993-1994-cü illərdə xarici şirkətlərin Azərbaycana dəvət edilməsi, sazişlərin imzalanması çox çətin idi. Saziş imzalamaq asan, ancaq bu sazişlərdə xalqın, dövlətin maraqlarını qorumaq çətin idi. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”imzalandı. İmzalanma mərasimində şirkətlərlə bərabər, həmin xarici dövlətlərin nazirləri də iştirak edirdilər, onlar da imza atdılar. Sonradan “Əsrin müqaviləsi” parlamentə qanun kimi qəbul edilmək üçün təqdim edildi. Bir çox iqtisadçı buna qarşı çıxırdı. Parlamentdə qanun kimi qəbul ediləndən sonra artıq bu saziş beynəlxalq sənəd və qanun kimi təsdiqləndi. Bunun əhəmiyyəti nə idi? O dövrdə Xəzərdə mübahisələr davam edirdi. Sənədin beynəlxalq saziş və qanun kimi qəbulu bu baxımdan mühüm əhəmiyyət kəsb edirdi. Bu, ilk baxışda xırda addım kimi görünsə də, gələcəyə hesablanmış böyük addım idi. Digər tərəfdən, “Əsrin müqaviləsi” Azərğaycanda qanun və normativ aktlardan üstündür. Bu, beynəlxalq investorların əmin bir şəkildə Azərbaycana sərmayə yatırması üçün vacib idi”.
Dəyəri 7,4 mlrd. dollar olan “Əsrin müqaviləsi”ndə dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkəti (“Amoco”, BP, “McDermott”, UNOCAL, SOCAR, “Lukoil”, “Statoil”, TPOA, “Pennzoil”, “Ramco”, “Delta”) iştirak edib. Onlar tezliklə işçi strukturlar – Rəhbər Komitə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və Məsləhət Şurası yaratdılar. Həmin strukturlar hüquqi səlahiyyət qazandıqdan, yəni 1994-cü il dekabrın 2-də Azərbaycan Prezidenti xüsusi Fərman imzalayandan sonra fəaliyyətə başladılar. 1994-cü il dekabrın 12-də Milli Məclis “Əsrin müqaviləsi”ni ratifikasiya etdi.
İlkin hesablamalara görə, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində çıxarıla bilən neft ehtiyatı 511 mln. ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən neft ehtiyatı 1,072 mlrd. ton həcmində müəyyən edilib.
“Əsrin müqaviləsi”ndən sonra 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalanıb.
Bu nəhəng yataqlar blokunun istismarı üç mərhələdə nəzərdə tutulmuşdu. 1997-ci il noyabrın 7-də “Çıraq” platformasından ilk neft hasil edildi və növbəti mərhələlər uğurla həyata keçirildi. Müqavilənin müddəalarını nəzərdə tutulan müddətdə icra etmək və artan neft hasilatını beynəlxalq bazarlara daşımaq üçün yeni neft kəmərləri tikilib istifadəyə verilib.