• SİYASƏT

    15:46 15 aprel 2019

EU4Climate layihəsinin açılışı keçirilib

Bakıda Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının (BMTİP) icra etdiyi EU4Climate layihəsinin açılışı keçirilib.

ONA-nın məlumatına görə, açılışda Azərbaycanda EU4Climate layihəsi üzrə prioritet məsələlər və növbəti addımlar müzakirə edilib.

Aİ­-nin Azərbaycan nümayəndəliyinin müşavir-katibi Simona Qatti bildirib ki, bu yaxınlarda Azərbaycan və Aİ arasında imzalanacaq saziş münasibətləri daha da dərinləşdirəcək. Onun sözlərinə görə, Azərbaycan Aİ tərəfindən maliyyələşdirilən bir neçə regional layihədə iştirak edir: "EU4Climate Avropa İttifaqının iqlim dəyişikliyinə qarşı birgə tədbirlər görmək üçün Azərbaycan hökuməti ilə strateji tərəfdaşlığını nümayiş etdirir. Bu layihə Azərbaycanda Paris İqlim Sazişinin həyata keçirilməsini, habelə Avropa İttifaqı standartları və beynəlxalq standartlara uyğun olaraq iqlim siyasətini və qanunvericiliyin təkmilləşdirilməsini dəstəkləyəcək".

Avropa Komissiyası Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun Brüssel ofisinin əlaqələndirmə sektorunun rəhbəri Maykl Rupp qeyd edib ki, iqlim dəyişikliyi çox vacib məsələdir və bu layihə ilə Aİ iqlimlə bağlı qanunvericiliyi təkmilləşdirməkdə Azərbaycana yardım edəcək. Onun sözlərinə görə, Aİ bu layihəyə 8.8 milyon avro məbləğində maliyyə vəsait ayırıb, təkcə Azərbaycanda isə bu layihənin həyata keçirilməsinə 830 min avro xərclənəcək. BMT İnkişaf Proqramının Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandro Frakasetti qeyd edib ki, təmsil etdiyi qurum özünün iqlimlə bağlı məqsədlərini həyat keçirmək üçün dünya ölkələri ilə birgə fəaliyyət gostərir: "Azərbaycanda UNDP artıq uzun illərdir ekoloji dayanıqlığı qorumaq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə tərəfdaşlıq edir və iqlim dəyişikliyi bu əməkdaşlığın ən prioritet sahələrdən biridir. Biz iqlim dəyişikliyinin təsirinin azaldılması istiqamətində daha güclü siyasətin və təcrübələrin hazırlanmasında hökumətə dəstəyi davam edəcəyik".

Qeyd edək ki, layihə Şərq Tərəfdaşlığı ölkələrində 2022 ilə qədər həyata keçiriləcək.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR