Prezident İlham Əliyev Fərid Şəfiyevin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
ONA.az-ın xəbərinə görə, prezidentin digər sərəncamı ilə Fərid Rauf oğlu Şəfiyev Azərbaycanın Çex Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Qeyd edək ki, prezident İlham Əliyev fevralın 6-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yaradılması haqqında fərman imzalayıb.
F.Şəfiyev 1969-cu ildə Bakı şəhərində anadan olub. 1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. 2002-2003-cü illərdə Harvard Universiteti, Kennedi Dövlət Məktəbinin dövlət idarəçiliyi üzrə magistr dərəcəsinə yiyələnib. 2009-2015-ci illərdə Karlton Universitetində tarix üzrə fəlsəfə doktoru dərəcəsi alıb. 1996-cı ildən XİN sistemində işləyir. 1998-2001-ci illərdə Azərbaycanın BMT yanında nümayəndəliyində çalışıb. 2009-2014-cü illərdə Azərbaycanın Kanadada, 2014-cü ildən bu günə qədər isə Çexiyada səfiri işləyib.
F.Şəfiyev Azərbaycan, ingilis, rus, türk dillərini sərbəst, fransız və çex dillərini orta səviyyədə bilir.