Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Bundestaqın Cənubi Qafqaz parlament qrupu ilə görüşüb.
Səfirlikdən ONA-ya verilən məlumata görə, əvvəlcə qrupun sədri, Bundestaqın deputatı Yohannes Kars rəhbərlik etdiyi qrupun fəaliyyəti barədə məlumat verib, mayın 21-24-də Azərbaycana planlaşdırılmış səfər barədə danışıb.
Səfir Ramin Həsənov alman deputatları Azərbaycanın Almaniya ilə münasibətlərində, xüsusilə parlamentlərarası əməkdaşlıq sahəsində yeniliklər barədə məlumatlandırıb. O, Azərbaycanın Cənubi Qafqaz parlament qrupunun qarşıdan gələn səfərinə böyük maraqla yanaşdığını qeyd edib.
Daha sonra görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. R.Həsənov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindəki cari vəziyyət və münaqişənin həlli ilə bağlı sülh prosesinin gedişatına dair alman deputatlarının suallarını cavablandırıb.