• SİYASƏT

    13:41 7 may 2019

Gürcü professor: "Gürcüstanda populist qüvvələr “David Qareci” məsələsindən səlahiyyətli şəxslərə qarşı istifadə etməyə çalışırlar”

“Nəzərə almaq lazımdır ki, Gürcüstanda siyasət də, media da çox qütbləşib. Populist qüvvələr, eləcə də radikal qruplar çalışdılar ki, “David Qareci” məsələsindən səlahiyyətli şəxslərə qarşı istifadə etsinlər”.

Bu sözləri ONA-nın Gürcüstan bürosuna müsahibəsində Tiflis Dövlət Universitetinin siyasi elmlər üzrə professoru Korneli Kakaçia deyib. O bildirib ki, populist ritorikanın məqsədi də məhz bu olub: “Bundan başqa bəzi din xadimlərinin də məsələyə reaksiyası qeyri-adekvat oldu. Xoşbəxtlikdən gürcü ortodoks kilsəsinin rəsmi mövqeyi tamam fərqlidir. Kilsə bununla bağlı bəyanat da yaydı. Düşünürəm ki, rəsmi gürcü kilsəsi hazırkı durumu anlayır və onların mövqeyi digər populist qruplarla müqayisədə daha məsuliyyətlidir. Gürcü ortodoks kilsəsi Gürcüstanda ən güclü institutlardan biridir. Katolik gürcü patriarxı ölkədə ən yüksək reytinqə sahib şəxsdir. Onun reytinqi təxminən 80 faizdən çoxdur. Bu baxımdan onun cəmiyyətdəki nüfuzu digər populist din xadimlərindən çox yüksəkdir. Məsələnin yaxşı tərəfi budur ki, gürcü kilsəsi məsuliyyətli mövqeyə sahibdir və digər populist din xadimlərindən fərqlənir”.

Gürcü professor deyir ki, sərhəd məsələsi uzun müddətdir, Azərbaycanla Gürcüstan arasında ikitərəfli münasibətlərdə öz həllini gözləyən məsələlərdən biridir: “Azərbaycan və Gürcüstan strateji tərəfdaş ölkələrdir və onların arasında başqa hər hansısa bir məsələdə fikir ayrılığı yoxdur. Əksinə, bu iki ölkə həm beynəlxalq müstəvidə, həm də regional məsələlərdə bir-birini dəstəkləyir. Fərqli düşündüyümüz yeganə məqam Gürcüstan-Azərbaycan sərhədinin tam müəyyənləşməmiş bu hissəsi ilə bağlıdır. Düşünürəm ki, ona görə də bu məsələ tezliklə həll edilməlidir. Gürcüstan tərəfi üçün də bu çox həssas məsələdir”.

Korneli Kakaçia hesab edir ki, “David Qareci” məsələsi iki ölkə arasında münasibətlərə təsir etməyəcək: “Düşünmürəm ki, bu hadisə nəyisə kökündən dəyişə bilsin. Sadəcə olaraq bu fikir ayrılığı çox səmimi münasibətlərimizə kölgə sala bilər. Buna görə də biz istənilən yanlış anlaşılmadan qaçmalıyıq. İki ölkə bir-birinə bağlıdır və hər iki ölkənin xalqları da bu dostluğun tərəfdarıdır. Beynəlxalq təcrübəyə əsasən deyə bilərəm ki, bu cür durumlarda ərazilərin mübadiləsi edilə bilər. Bu seçimlərdən biri ola bilər. Əlbəttə, qərar qəbul etmək yaxın vaxtlarda işə başlayacaq birgə komissiyanın öhdəliyidir. Bəlkə də gürcü tərəfi David Qareci monastırının bu kiçik hissəsi üçün Azərbaycana torpaq sahəsi verə bilər. Önəmli olan odur ki, bu məsələ həll olunduqdan sonra iki ölkə arasında heç bir nəzərəçarpan problem qalmayacaq. Düşünürəm ki, bəzi kənar qüvvələr regionda belə bir fikir ayrılığının olmasına çox sevindilər. Bu qüvvələr iki ölkə arasında olan səmimi münasibətlərdən o qədər də məmnun deyillər və böyük fikir ayrılıqlarının yaranmasını çox arzulayırlar”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR