Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Azərbaycana rəsmi səfərini yarımçıq qoyaraq Gürcüstana qayıdıb.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə parlament sədrinin kabinetindən məlumat verilib.
Nümayəndə heyətinin bir qisminin də parlament sədri ilə birlikdə geri qayıtdığı bildirilir.
Gürcüstanın parlament sədri İrakli Kobaxidze dünən Bakıya rəsmi səfərə gəlib. Səfər proqramında onun iyunun 22-də Gürcüstana qayıdacağı açıqlanmışdı.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin baş katibi Asəf Hacıyev Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze və Gürcüstan nümayəndə heyətinin Azərbaycana səfərini yarımçıq qoyaraq Tbilisiyə qayıtmasına münasibət bildirib.
A. Hacıyev deyib ki, Gürcüstanda gözlənilməz hadisələr başlayıb, Gürcüstan nümayəndə heyətinin ölkəyə qayıtması bununla bağlıdır: "Gürcüstan parlamentinin spikeri Azərbaycanda rəsmi səfərdə idi. Rəsmi səfər dayandırıldı. Spiker dünən ölkəsinə döndü. Biz onları başa düşməliyik. Gürcüstanda vəziyyət xeyli mürəkkəbdir, problem məhz parlamentdədir. Ona görə də Gürcüstan nümayəndə heyəti təcili geri qayıtdı. Ancaq bu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin işinə təsir göstərmir. Çünki bir neçə sənəd yekdilliklə qəbul edildi, bir ölkənin orada olmamasının buna təsiri yoxdur”.
Xatırladaq ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub. Tbilisi küçələrinə çıxan aksiyaçılar Parlamentin sədri İrakli Kobaxidzenin, Daxili İşlər naziri Giorgi Qaxariyanın istefası və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər. Dünən keçirilən aksiya gecə saatlarında polis tərəfindən dağıdılıb, onlarla insan xəsarət alıb.