“Nəqliyyat dəhlizi çox vacibdir və həqiqətən bizim əməkdaşlığımızın təməl daşıdır”.
ONA-nın məlumatına görə, bunu bu gün Gürcüstan Prezidenti Salome Zurabişvili Prezident İlham Əliyev ilə geniş tərkibli görüşdən sonra mətbuata bəyanatda bildirib.
Gürcüstan Prezidenti deyib ki, nəqliyyat bugünkü dünyada çox potensiallı sahədir: “Nəqliyyat sahəsi dünya üçün çox əhəmiyyətlidir. Asiyanın, Çinin və Avropanın birləşdirilməsi çox mühüm məsələdir və biz bu yolla gedirik. Bu, ən qısa yoldur, lakin biz hələ bu yolun imkanlarını tam inkişaf etdirməmişik və bu, bizdən asılıdır. Siz Azərbaycan tərəfindən hansı işlərin görüldüyü barədə məlumat verdiniz. Siz Xəzər dənizi ilə bağlı əldə olunmuş razılaşmaları qeyd etdiniz. Bu dənizdə nəqliyyat tam inkişaf etdirilməlidir. Avropa İttifaqının dəstəyi ilə biz Qara dənizdəki imkanlar üzərində işləyirik. Rumıniya, Bolqarıstan və Gürcüstan limanları arasında əlaqələri və logistikanı Avropa İttifaqının dəstəyi ilə inkişaf etdirmək istəyirik. Biz bu istiqamətdə də ümumi investisiyalar cəlb etməyə hazırıq. Biz Azərbaycanla birlikdə bu imkanlardan sona qədər istifadə etməliyik. Bizim Çinlə, eyni zamanda, Avropa İttifaqı ilə azad ticarət sazişimiz var”.