Gürcüstan Patriarxı II İlya Keşikçidağ (David Qareci) məbədi ətrafında yaranmış vəziyyəti şərh edib.
ONA-nın xəbərinə görə, patriarxın açıqlamasını keçirdiyi brifinq zamanı protoirey Mixeil Botkoveli səsləndirib.
“David Qareci monastırı ətrafında yaranan hadisələrin analizi elə bir təəssürat yaradır ki, digər bir qüvvə Azərbaycan və Gürcüstan arasında ciddi problemlər yaratmağa çalışır və təəssüf ki, bu qüvvə hər iki ölkədə özünə dəstək qazanır. Ancaq biz təxribatlara uymamalıyıq. Dövlətlər arasında danışıqlar getdiyi bir vaxtda, Azərbaycan tərəfi ilə ünsiyyət üçün bu qədər imkanların mövcud olmasına baxmayaraq, beynəlxalq təşkilatlar və dost ölkələrin köməyi ilə problemi sivil və ədalətli həll etmək mümkün ikən, sərt açıqlamalar və hərəkətlər bizim milli maraqlarımıza ziddir. Düşünürəm ki, gərginlik mənbəyinin yaradılması Azərbaycan tərəfi üçün də qəbuledilməzdir”, - deyə gürcü patriarxının açıqlamasında qeyd edilib.
O, hər kəsi, ələlxüsus da din xadimlərini və kilsəyə gələnləri sakitliyi qorub saxlamaga, ehtiyatlılıq və vətəndaş məsuliyyəti nümayiş etdirməyə çağırıb.
II İlya açıqlamasında Gürcüstan və Azərbaycan hökumətlərinə müraciət edərək, tərəfləri iki ölkə arasında dost əlaqələrinin qorunması və dərinləşdirilməsi məqsədilə ədalətin bərqərar olması üçün intensiv danışıqlar aparmağa səsləyib.
“Öz tərəfindən Gürcüstan kilsəsi bu prosesdə aktiv iştirak etməyə hazırdır. Biz ümid edirik ki, hər iki tərəf Allahın izni ilə problemlərin öhdəsindən gələcək. Bununla yanaşı, biz Azərbaycan hökumətini və xalqını Müstəqillik günü münasibətilə təbrik edir, sülh və əmin-amanlıq arzu edirik”, - deyə açıqlamada qeyd edilib.