• SİYASƏT

    18:46 8 may 2019

Gürcüstanlı deputatlar Bakıda bir sıra görüşlər keçiriblər

Gürcüstan-Azərbaycan Parlament Dostluq Qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovla görüşüblər.

ONA-nın xəbərinə görə, Gürcüstan parlamentinin nümayəndələri Azərbaycan və Gürcüstanın strateji tərəfdaşlar olduğunu bildiriblər.

Z. Əsgərov Azərbaycan və Gürcüstanın parlament səviyyəsindəki əməkdaşlığının qanunvericilik məsələlərini əhatə etməsinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, regionda reallaşmaqda olan böyük layihələrin hüquqi münasibətlər sisteminə də təsiri qaçılmazdır: “Bu baxımdan ölkələrin qanunvericiliklərində müəyyən unifikasiya işlərinin aparılması nəzərdən keçirilə bilər. Mövcud istiqamətdə danışıqlar aparılmalıdır”.

Toplantıda çıxış edən Azərbaycan-Gürcüstan Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun rəhbəri, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan və Gürcüstan xalqlarının tarixən mövcud olan dostluq və mehriban qonşuluq münasibətlərinin hər iki dövlətin hazırkı strateji müttəfiqliyi müstəvisində daha da inkişaf etdiyini vurğulayıb: “Bu müasir təməl Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev və Gürcüstanın sabiq prezidenti Eduard Şevarnadze tərəfindən qoyulub”.

Deputat bildirib ki, ölkələr regionda enerji və təhlükəsizlik məsələlərində mühüm təminatçı kimi çıxış edirlər və mövcud status perspektiv əməkdaşlığın qlobal şəraitin şərtlərinə uyğunlaşması üçün geniş imkanlar yaradır: “Elə bir problem və çətinlik yoxdur ki, biz onu müzakirə yolu ilə həll edə bilməyək. Bu, son dərəcə vacib məqamdır. Yaşadığımız regionda dünya əhəmiyyətli layihələr gerçəkləşdirilməkdədir. Həmin layihələr bilavasitə Azərbaycan və Gürcüstan xalqlarının gələcəyinin təminatıdır. Bunun üçün baza yaratmışıq. Hazırda Azərbaycan şirkətləri Gürcüstan iqtisadiyyatında mühüm mövqelərdən birinə sahibdirlər. Onların sayı 650-ə qədərdir. Biz fəxr edirik ki, SOCAR Gürcüstanda ən çox vergi ödəyən şirkətdir. Gürcü sahibkarlarının da Azərbaycan iqtisadiyyatında payı var, təxminən 300-ə yaxın şirkətlə təmsil olunurlar. Qeyd etdiyimiz rəqəmlər qarşılıqlı etimad və inam mühitinin mövcudluğundan xəbər verir”.

Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlament dostluq qrupunun sədri Zviad Dzidziquri çıxışında sırf qanunvericilik müstəvisindəki əməkdaşlığın əhəmiyyətinə önəm verib və bu baxımdan azərbaycanlı həmkarının fikirlərini bölüşdüyünü deyib.

Nümayəndə heyətinin üzvləri Azərbaycan Xarici İşlər Nazirliyində nazir müavini Ramiz Həsənovla görüşüblər. Görüşdə iki ölkə arasındakı qarşılıqlı əməkdaşlığın hazırkı dinamikasını əks etdirən məqamlara toxunulub. Regional əməkdaşlıq platformasının Azərbaycanın və Gürcüstanın dövlət müstəqilliyinin əbədilik təminatı olduğuna diqqət yetirilib.

Gürcüstanın parlament təmsilçilərindən ibarət nümayəndə heyəti üzvlərinin bu gün Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə də görüşüblər. Görüşdə Azərbaycan və Gürcüstanı birləşdirən tarixi dəyərlərin müasir beynəlxalq tərəfdaşlıq üçün etibarlı baza rolunu oynadığı vurğulanıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR