“Hesab edirəm ki, insan üçün ən ali keyfiyyət sədaqətli olmaqdır. Mən çox istərdim ki, Əli İnsanov cənab Prezident İlham Əliyevin əfv sərəncamı nəticəsində azadlığa çıxan kimi gedib Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərdi”.
Bunu ONA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
O bildirib ki, Ulu Öndərin rəhbərliyi altında çalışan, onun qayğıları ilə əhatə olunan Əli İnsanovun bunları unutması ən pis insani keyfiyyətdir: “Onun Ümummilli Lider Heydər Əliyev yoluna xəyanəti artıq bəllidir. Məndə onun haqqında olduqca pis fikir formalaşır. Əli İnsanov həmişə ambisiyalı, problem, daim gərginlik yaratmaq istəyən adam olub. On ildən çox nazir kimi çalışdığı hakimiyyəti “diktatura” adlandırması nə məntiqə, nə insanlığa sığır. Nazir olarkən hakimiyyəti tərifləyən, müxalifət nümayəndələrini isə ən ağır sözlərlə təhqir edən Əli İnsanov indi tam əksini edir. Bu gün bizim hər birimiz Azərbaycanın əldə etdiyi uğurları, ölkəmizin dünya ölkələri arasında nüfuzunu görə bilirik. Əli İnsanov həbsdə olduğu müddətdə Azərbaycan müasirləşib, insanlarımızın sosial rifah halı yaxşılaşıb. Onun ölkəmiz haqqında mənfi fikir bildirməsi hər birimizdə təəssüf hissi doğurur. İnsanlarımız ölkədə qarşıdurma yaradaraq inkişafa, əmin-amanlığa əngəl törətməyə çalışanları hər zaman lənətləyir, onlara xalq-iqtidar birliyi ilə cavab verir”.
H.Rəcəbli deyib ki, hamı Əli İnsanovun vaxtilə hakimiyyətə necə qulluq etdiyini, imtiyazlardan faydalandığını yaxşı bilir: “Bu gün Əli İnsanovun bu ambisiyalarının bir məqsədi var. O istəyir ki, yenidən hakimiyyətə gəlsin və həmin imtiyazlardan yenidən istifadə etməyə başlasın. Bu da cəmiyyətimiz və heç bir siyasi qurum tərəfindən də qəbul olunmur. Hesab edirəm ki, onun böhtan dolu çıxışları hər zaman cəmiyyət tərəfindən pislənəcək”.
Deputat bu gün Ə.İnsanovun ailəsindən də kənar düşdüyünü deyib: “Ailəsi də onu həbsxanada olanda axtarmayıb. Hətta özünə dost saydığı insanlar belə onun qapısını açmayıblar. Bu da nədənsə xəbər verir. İndi Əli İnsanovun ailəsinin yanında olan, nəvələri ilə oynayan vaxtıdır. Nə edəsən ki, tale onu bundan da məhrum edib. Ona tövsiyəm budur ki, yaşının bu vaxtında belə ambisiyalarla yaşamasın, gərginliklər yaratmasın. Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Ölkəmizdə müxtəlif sahələr üzrə islahatlar aparılır, bu islahatlar gələcəkdə də davam etdiriləcək”.