Hədəf daha qüdrətli, daha rifahlı Azərbaycandır!  - [color=red]MƏQALƏ[/color]
  • SİYASƏT

  • 10:57 28 Noyabr 2019

Hədəf daha qüdrətli, daha rifahlı Azərbaycandır! - MƏQALƏ

Prezident İlham Əliyevin Sumqayıtda və BDU-nun yubileyində etdiyi çıxışlar haqda bəzi qeydlər...

“Azərbaycan Prezidentinin son iki çıxışının əsas yekunu budur: uğurlarımız faktdır, lakin dayanmaq olmaz, biz daha qüdrətli, daha rifahlı bir Azərbaycan qurmalıyıq. Bu hədəfə doğru irəliləyərkən keçmiş illərin nə uğurlu səhifələrini, nə də ki, acı xatirələrini; nə ölkəni idarə edənlərin uğurlarını, nə də səriştəsiziliklərini; nə siyasi qətiyyətin nəticələrini, nə də səhlənkarlıqların fəsadlarını unutmamalıyıq. Qarşıdan gələn müddətdə milli tariximizin bütün dərslərini və yaşana biləcək fəsadları göz önünə almalı, ümum-Azərbaycan məsələlərində dövlətçiliyə xidmət edənləri də, düşmənlərimizlə bir sırada yer alanları da, belələrindən qəhrəman düzəldənləri də yaxşı tanımalıyıq. Biz - Azərbaycanın inkişafına məsul olan iqtidar komandası dövlətçiliyimizin və milli maraqlarımızın ətrafında daha sıx birləşərək, bu yolda heç bir təxribatçı fəaliyyətə, komanda oyununa xələl gətirmə istiqamətindəki əyintilərə imkan verməyəcəyik”.

ONA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Facebook” səhifəsində yazıb.

Ə. Həsənov oxucuların diqqətinə çatdırıb ki, uzun müddətdir hakimiyyət təmsilçiləri iqtidarla yanaşı müxalifətdə də kadr və təşkilatı islahatların vacibliyi haqqında çıxışlar edir, 25-30 ildir ki, eyni liderlərin rəhbərlik etdiyi ənənəvi müxalifətin yenilənməsi ilə bağlı müzakirələr aparır: “Təəssüf ki, müzakirələrə qatılmaq əvəzinə əks tərəfdən yalnız anlaşılmaz və inkarçı münasibət görürük. Nə gizlədək, bəzən iqtidar komandasında da belə müzakirələrə könülsüz qoşulanlar tapılırdı. Cənab Prezident Bakı Dövlət Universitetinin 100 illik yubileyindəki çıxışında bu mövzuya toxunaraq vurğuladı ki, Azərbaycanın müxalifət düşərgəsində bu gün ciddi bir boşluq yaranıbdır, ölkədə sağlam müxalifətin yaranmasına, dövlətçiliyə sadiq, xalqa bağlı olan, doğrudan da konstruktiv təkliflər verə bilən, hakimiyyəti konstruktiv formada tənqid edən, alternativ inkişaf yolları göstərən müxalifət yaranarsa, biz buna yalnız sevinərik. Cənab Prezidentin Sumqayıtda və BDU-nun yubileyində etdiyi çıxışlardakı fikirləri, ritorikası, səsləndirdiyi qətiyyətli çağırışlar, düşünürəm ki, həm sağlam əqidəli opponentlərimizə, həm hər iki düşərgənin islahat müəlliflərinə, həm də bu istiqamətdəki müzakirələrə könülsüz qoşulan siyasətşünaslara ciddi düşünmək üçün xeyli mövzu verir. Hesab edirəm ki, cənab Prezidentin son iki tədbirdəki çıxışları iqtidar komandasının hər bir üzvü və mövcud hakimiyyətin aktiv dəstəkçiləri üçün master-klass sayıla bilər.

Çıxışlarda vurğulanan əsas məqamlar haqqında bir qədər təfsilata varmaq istəyirəm:

1. Azərbaycan Prezidentinin çıxışlarında vurğulanan və əsaslandırılan əsas fikirlərdən biri ondan ibarət idi ki, bugünkü Azərbaycan Heydər Əliyevin 1969-cu ildən başlanan və ardıcıl şəkildə həyata keçirdiyi məqsədyönlü fəaliyyətinin nəticəsidir. Keçən əlli ildə Azərbaycanın geridə qalmış aqrar respublikadan inkişaf etmiş sənaye və kənd təsərrüfatı ölkəsinə çevrilməsi, ictimai-siyasi və mədəni həyatın bütün sahələrində hərtərəfli inkişaf etməsi, ölkənin milli maraqlarının təmin edilməsi, SSRİ-nin aparıcı respublikalardan, hazırda isə regionun aparıcı dövlətlərindən birinə çevrilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Heydər Əliyevin respublikamızdakı ilk hakimiyyəti illərində Azərbaycanda ali məktəblərin və ali məktəb məzunlarının ümum əhali sayına nisbəti kəskin şəkildə artaraq inkişaf etmiş Qərb dövlətlərinin göstəricilərinə yaxınlaşmışdı. Azərbaycan ədəbiyyatının, incəsənətinin, mədəniyyətinin, elminin, təhsilinin, səhiyyəsinin sovet hakimiyyəti illəri ərzində ən gözəl nəticələri və qiymətləndirilməsi də məhz bu dövrə təsadüf edirdi. Prezidentin bu fikirləri ilə mübahisə etmək mümkünsüzdür: Heydər Əliyevin yaratdığı güclü kadr potensialı bu gün də ölkəmizin, müstəqil dövlətimizin uğurlu inkişafını təmin edir.

Bu illərdə respublikada onlarla elm, mədəniyyət ocaqları inşa olunmuş, onları təmsil edən xadimlər respublikanın və Sovet İttifaqının ali mükafatları və fəxri adları ilə təltif edilmiş, Azərbaycan mədəniyyətin uğurları Sovet İttifaqının hüdudlarını aşaraq dünya miqyasına çıxmışdır. Prezidentin qeyd etdiyi kimi, “ Heydər Əliyevin rəhbərliyi dövründə- 13 il ərzində Azərbaycan hər il “Qırmızı keçici bayraq” alıbdı. Bu, bir daha onu təsdiq edir ki, onun rəhbərliyi ilə Azərbaycan böyük və uğurlu yol keçmişdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayanda respublikamız SSRİ-də ən sonuncu yerlərdə idi. Lakin O, Azərbaycanı böyük inkişafa qovuşduraraq ən qabaqcıl yerlərə qədər ucaltdı”.

Heydər Əliyevin birinci hakimiyyəti illərində həm də ölkənin iqtisadi inkişaf trendləri düzgün təhlil edilərək SSRİ-nin xammal əlavəsi statusundan çıxması və yerli sənaye müəssisələrinin inkişafı istiqamətində ciddi addımlar atılmışdı. Bununla yanaşı, Azərbaycanın müsbət demoqrafik göstəricilərinin saxlanması və daha da yaxşılaşması istiqamətində artan digər addımlar- əhalinin məşğulluğunu təmin etmək məqsədilə respublikanın şəhər və qəsəbələrində yaradılan çoxsaylı sənaye obyektləri, Sovet İttifaqında ən qabaqcıl soyuducu və kondisioner zavodlarının Bakıda qurulması, ölkə üzrə çoxsaylı yerli aqrar sənaye komplekslərinin yaradılması, Nabrandan Lənkərana qədər Xəzər sahilində neçə-neçə ümumittifaq əhəmiyyətli turizm-sanatoriya komplekslərinin salınması və s. tədbirlər xüsusi qeyd edilməlidir. Neft sənayesinin gələcəyini təmin etmək üçün dərin özüllər zavodu qurulmuş, dənizdə neft-qaz kəşfiyyatı işləri aparılmışdı. Bu, bir həqiqətdir ki, o zaman kəşf edilmiş yataqlar olmasaydı, sonradan ölkəmizin iqtisadi və geosiyasi müstəqilliyinin əsası olan “Əsrin müqaviləsi”nin imzalanması da mümkün olmazdı. Artıq 80-ci illərin ortalarına doğru Azərbaycan büdcəsinin neftdən asılılığına, demək olar ki, son qoyulmuşdu – o zaman üçün yeni modern texnologiyalara malik çoxsaylı müəssisələr qurulmuşdu ki, bu müəssisələr aqrar sənaye kompleksləri ilə birlikdə respublika büdcəsinin böyük hissəsini formalışdırırdı. Təəssüf ki, 80-ci illərin sonları, 90-cı illərin əvvəllərində qısa zaman kəsiyində ölkəyə rəhbərlik edənlər bu əlverişli iqtisadi zəmini möhkəmlətmək, onun üzərində iqtisadi suverenliyi təmin etmək əvəzinə mövcud sistemi dağıtmaqla məşğul oldular. Bu dağıdıcılığa xalqın cavabı Heydər Əliyevin xilaskarlıq missiyası ilə hakimiyyətə dəvət edilməsi oldu. BDU-dakı çıxışında Cənab Prezidentin qeyd etdiyi kimi, “məhz 1970-ci illərdə Heydər Əliyevin gördüyü işlər xalq tərəfindən rəğbətlə və böyük məhəbbətlə qarşılanmasaydı, 1990-cı illərin əvvəllərində Azərbaycan böyük fəlakətlə üz-üzə qalanda Azərbaycan xalqı ona müraciət etməzdi”.

2. Heydər Əliyev hakimiyyətdə olduğu birinci dövrdə Azərbaycanın demoqrafik göstəricilərinin günü-gündən yaxşılaşması faktoru, ölkədaxili miqrasiyanın düzgün nizamlanması, cənab Prezidentin Sumqayıtdakı çıxışında qeyd edildiyi kimi, Dağlıq Qarabağda azərbaycanlı əhalinin nisbətini iki dəfə artırmışdı. Ölkədə azərbaycanlı əhalinin artım sürəti, ermənilərin İrəvan şəhərinə və Rusiyanın mərkəzi əyalətlərinə emiqrasiya templərini də nəzərə alsaq, Dağlıq Qarabağ probleminin təbii şəkildə həllini yaxınlaşdırırdı. Dünya tarixinin belə nümunələrlə zəngin olduğunu xatırlatmağa, yəqin ki, xüsusi ehtiyac yoxdur, elə bizim bəzi tarixi torpaqlarımız da məhz ayrı-ayrı zamanlarda həmin ərazilərdə demoqrafik balansın əleyhimizə pozulması ilə itirilib. Heydər Əliyevin hakimiyyəti illərində Dağlıq Qarabağda azərbaycanlıların üstünlük təşkil etdiyi ikinci rayon yaradılmış, Dağlıq Qarabağın Azərbaycana hərtərəfli inteqrasiyası üçün bir sıra digər addımlar atılmış, separatçılıq meyillərinin qarşısı qətiyyətlə alınmışdı. Azərbaycan ziyalıları tərəfindən həmin dövrdə erməni millətçilərinin əsassız iddialarına cavab verilməsi üçün hərtərəfli münbit şərait yaradılmışdı. Erməni lobbisinin Heydər Əliyev əleyhinə fəaliyyətinin, onun vəzifədən uzaqlaşıdırlması üçün məkrli planlar qurmasının əsas səbəbləri də elə məhz bunlar idi.

Məhz Heydər Əliyev hakimiyyətdən getdikdən sonra erməni separatçıları Azərbaycana qarşı geniş separatçı kampaniya təşkil etmək, öz iddialarını reallaşdırmaq üçün fürsət qazandılar. Ona görə də Azərbaycanda ermənilərin separatçılıq iddiaları əleyhinə baş qaldırmış kortəbii vətənpərvərlik fəaliyyəti, sonrakı illərdə məhz Heydər Əliyevin SSRİ rəhbərliyindən istefa verməsinə etiraz olaraq tədricən ümumxalq hərəkatına, daha sonra isə onun liderliyi ilə milli azadlıq hərəkatına çevrilmişdir. Bu səbəbdən də xalq hərəkatının ilk illərində Azərbaycana ezam olunmuş mərkəzi mətbuat nümayəndələri reportajlarında xalq hərəkatında “Heydər Əliyev izi” axtarır, hərəkatı mənfi çalarlarla təqdim edərək, onu əliyevçilik kimi (aliyevşina) qiymtləndirirdilər. Bəli, bu gün Azərbaycanın ən yeni siyasi tarixini öyrənənlər bu faktı etiraf etməyə məcburdurlar: aksiyalar məhz Heydər Əliyevə simpatiya bəsləyən insanların etiraza qoşulması ilə kütləviləşmiş və tədricən ümumxalq hərəkatı xarakteri almışdır. “Yeni Azərbaycan Partiyası niyə və necə yarandı?” başlıqlı yazımda qeyd etdiyim kimi, “Milli Azadlıq Hərəkatının mərkəzinin Bakıdan Naxçıvana keçməsi və hərəkatın başında Heydər Əliyev kimi təcrübəli liderin - görkəmli siyasi və dövlət xadiminin dayanması qısa zaman kəsiyində Azərbaycan cəmiyyətində milli qurtuluş ideyası ətrafında böyük təmərküzləşməyə səbəb oldu”.

3. Təəssüf ki, xalq hərəkatının əsas təşkilatlanma forması olan AXC 1992-ci ildə mövcud reallıqlara maneçilik törədərək, milli-azadlıq hərəkatı iştirakçılarına öz ümummilli liderini- Heydər Əliyevi hakimiyyətə gətirməsi işinə süni əngəllər yaratmış, “mənfur yaş senzi” qadağası ləğv edilmədən “seçkiyə” gedilmişdi. Hakimiyyətdə olduqları qısa müddət ərzində AXC-Müsavat hakimiyyətinin xəyanətkar siması, anti-demokratik mahiyyəti ifşa edildi. Bu cütlüyün yarıtmaz siyasəti nəticəsində Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qaldı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Xalq Cəbhəsi vətəndaş müharibəsinə start vermiş və Gəncə şəhərini bombalamağa başlamışdı... Görəndə ki, özlərini qoruya bilmirlər, Heydər Əliyevə müraciət etdilər ki, gəl, bizi xilas elə. Üç dəfə təyyarə göndərmişdilər ki, bizi xilas elə, çünki artıq gəlirdilər bunları öldürməyə, yaxud da ki, yıxmağa. Qaçıb gizləndilər, bəziləri guya vəzifələrini dondurdular. Əgər Heydər Əliyev gəlməsəydi, həm Azərbaycan dağılacaqdı, həm də, o antimilli AXC-Müsavat dəstəsi öz cəzasını alacaqdı".

4. AXC-Müsavat hakimiyyətində ölkə niyə dağılmaq həddinə çatdı? Əbülfəz Elçibəyin komandasında təmsil olunanlar tutduqları postlara nə qədər adekvat və layiq idilər? Niyə bir il əvvəl hakimiyyətə gəlişi önündə süni maneə yaratdıqları, 6 ay əvvəl silahlı çevrilişlə Naxçıvan Ali Məclisi sədrliyindən uzaqlaşdırmaq istədikləri Heydər Əliyevin xilaskarlıq missiyasına möhtac oldular?

Məşhur frazada deyildiyi kimi, “hər şeyi kadrlar həll edir”. Meydan hərəkatının nəticəsi olaraq ölkənin ən ali postunda əyləşmiş Əbülfəz Elçibəy ona qədər heç bir müəssisəyə rəhbərlik etməmişdi, heç bir vəzifə tutmamışdı, Əlyazmalar İnstitutunda adi bir elmi işçi olmuşdu. Elçibəyin ”cavanları başıma yığıb təzədən inqilab edəcəm”, ”tankın qabağında dayanan oğlanlar pulun qabağında dayana bilmədi”, “qanunları pozmaq olmaz, amma yan keçmək olar”, sonrakı müsahibələrində “o dövrdəki prezidentlik, prezidentlik deyildi, amma mən yenidən prezident olacam”, “getməyib nə etməliyidim, Surət məni öldüməliyidi?” kimi “aforizmləri” onların idarəçilik fəlsəfəsinin nə qədər primitiv olmasını, hər hansı məzmun, prinsip və mahiyyətdən-substansiyadan xaliliyini göstərməklə yanaşı, həm də bu komandanın zəifliyinin, acizliyin, səriştəsizliyinin acı etirafları idi. Cənab Prezidentin dediyi kimi, Azərbaycanın Heydər Əliyevə qədərki bütün rəhbərləri fərarilik etmiş, xalqı və ölkəni ağır vəziyyətdə qoyaraq qaçmışlar. Halbuki “liderin vəzifəsi dövləti qorumaq, xalqla bir yerdə olmaqdır. Ən ağır, ən çətin anlarda lider qabaqda olmalıdır, Heydər Əliyev kimi. O, hər birimiz üçün nümunədir”.

Müxalifətin yenilənmə zərurəti haqqında yazılara küskün və bədbin reaksiya verən Pənah Hüseynin AXC hakimiyyəti zamanı baş nazir kimi ilk açıqlamalarından biri iqtisadi bloka dair bütün məsələlərin Nazirlər Kabinetində həll edilməli olduğu ilə bağlı idi. Elçibəyi “Maks Veberi mütaliə etməsi” ovsunlamış Pənah Hüseyn, görəsən, o zaman hiperinflyasiya vəziyyətinə düşən ölkəni və onun iqtisadiyyatını idarə etmək üçün hansısa proqrama, yaxud da peşəkar səriştəyə, biliklərə malik idimi? Cavab Prezidentin çıxışında göstərilib: “Baş nazir, - o da elmi işçi idi. O da heç bir dissertasiya müdafiə edə bilməmişdi. Hamı yaxşı bilir, indi bu, sirr deyil, mövsümi ticarətlə məşğul olan adam Baş nazir təyin edilmişdi. Məhz onun dövründə “otkat” sözü bizim lüğətimizə daxil edildi”. Bu ara vaxtilə 90-cı illərin ikinci yarısında müxtəlif mətbu orqanların iranlı biznesmenlər, qızıl sikkələr, xalçalar, tramvay xətləri haqda araşdırmalarını yada salmaq olardı.

O zaman dövlətin ikinci siması, İsa Qəmbəri AXC hakimiyyətinin ən intellektual fiquru sayırdılar. Bu intellektual fiqur düz 11 il aspiranturada təhsil almış, bir dissertasiyanı belə müdafiə edə bilməmişdi. Parlamentin səlahiyyətləri qanunsuz olaraq Mili Şura tərəfindən mənimsənilmişdi. Spiker, özü haqda çoxbaşlı “hələ ki, ikinci” başlıqlı yazılar sifariş etdirən İsa Qəmbər isə gah dramatik, gah tragikomik səhnələşdirmələrin nümayiş olunduğu teatrı andıran parlament iclaslarında müəyyən dövrdən sonra hakimiyyətdə təmsil olunanları belə müxtəlif bəhanələrlə birinci şəxsə qarşı yönəldir, “özünüz əlaqə saxlayın, mən vasitəçi olmaqdan bezmişəm” kimi mesajlar verirdi.

Bu gün sosial medianın imkanları hesabına özünü “ana müxalifət” elan etmiş Əli Kərimli AXC-Müsavat hakimiyyətində dövlət katibi kimi mühüm postda təmsil olunurdu. Sosial media istifadəçiləri dövlət katibi olduğu zaman ona həvalə olunmuş mühüm dövlət əhəmiyyətli bir tapşırığı - dövlət sirrini necə faş etməsini artıq özünə xatırladıblar. Vaxtilə eyni düşərgədə olduqları İsa Qəmbərə yaxın media quruluşlarında onun hansısa tenderdə “lazımi” şirkəti qalib elan etmək üçün şəxsən maşın sürməsindən yazmışdılar, iddia edilirdi ki, belə sürücülük dövlət katibinə kifayət qədər - beş rəqəmli məbləğdə pul qazanmaq imkanı veribmiş, özü də hiperinflyasiyaya məruz qalmış manatla deyil, xarici valyuta ilə. Beləcə mebel zavodunun keçmiş komsomol fəalı qısa müddətdə ölkənin ən zəngin şəxslərindən birinə çevrilə bilmişdi. Bu zənginliyin üzərinə illərlə müxtəlif fondların vasitəsilə alınıb silinən qrantlar da, “Azadlıq” qəzetinin leqal və illeqal gəlirləri də daxil idi. Bu gəlirlər ona sonrakı dövrdə media maqnatına çevrilmək, müxtəlif nəşrlərdə qurduğu jurnalist şəbəkəsi vasitəsilə öz sədri Elçibəyi hakimiyyətdən və partiya sədrliyindən devirmək istəyi yaratmışdı. Deyilənə görə, sonuncunun ölüm xəbəri Bakıya daxil olan gün Əli Kərimli onun haqqında inanılmaz dərəcə nifrətlə yoğrulmuş yazılar yazdırmaq şansını belə buraxmamışdı.

Prezident İlham Əliyevin bu sözləri tarixi faktlardır: “Əbülfəz Elçibəy xəstələnəndə ən çox sevinən elə o idi. Mən bunu dəqiq bilirəm, bu məlumat var. Sevinirdi ki, xəstələnib öləcəkdir, bu da keçəcəkdir onun yerinə”.

Bəs izlədiyi yola, liderinə xəyanət etmiş, üzvü, sonra da rəhbəri olduğu partiyanı bir neçə yerə parçalanmasına səbəb olmuş şəxs öz siyasi aktuallığını necə qoruya bilib? “Əli Kərimli və radikal ətrafı bəraət axtarışında” yazımda qeyd etdiyim kimi, bu şəxslərin real sosial bazası olduqca məhduddur, bir çox hallarda saxta sənədlərlə Avropaya göndərilib bədbəxt edilmiş miqrantlardan və ya ümumən virtual, saxta hesablardakı profillərdən ibarətdir. Təsadüfi deyil ki, öz açıqlamalarında bildirildiyi kimi, Əli Kərimli və radikal antimilli ətrafı sosial şəbəkələrdə izləyicilərinin yarıdan çoxunu itiriblər. Çünki Facebook sosial şəbəkəsi administrasiyası bu il 5,4 milyard saxta hesabı bağlayıb. "Saxta, manipulyasiya məqsədilə yaradılan hesabları aşkarlayaraq bloklamaq qabiliyyətimizi gücləndirmişik", - internet şirkəti hesabatında bildirir. Yəni Əli Kərimli və radikal antimilli ətraflarının izləyici və bəyənmə itkiləri Facebook şəbəkəsinin öz araşdırmasının, dezinformasiyaya qarşı effektiv mübarizəsinin nəticəsidir.

Bu şəxslər öz əsas təbliğatlarını sosial media üzərində qururlar. Fakta, jurnalist etikasına istinad etməyə qanunlar və ictimai nəzarət mexanizmi ilə məcbur edilən ənənəvi mediadan fərqli olaraq sosial mediada ani emosional halət, nə şəxsi nə də ictimai yaddaşa istinad etməyən “feyk nyus” rahatlıqla əsas trend ola bilər. Sosial media ilə sıx vəhdət ənənəvi, xüsusən internet medianı da bəzən yanlış trendlərin müşayiətçisinə çevirir. Azərbaycan nümunəsində 2014-cü il avqust, 2015-ci il Nardaran hadisələri ərəfəsində, müəyyən mənada UEFA-nın Bakıda keçirilən son yarımfinal görüşləri zamanı belə manipulyativ media trendləri ilə üz üzə qalmışıq. Adamların bütün səfərbərlik– daha dəqiqi, manipulyativ gücü bundadır. Bu güc isə dünyada “feyk nyus”a, manipulyasiyalara qarşı aparılan mübarizə sayəsində itirilməyə məhkumdur. Çünki real dəstəyi, sosial bazası, cəmiyyətdə etimad bəslənən siyasətçi imici olmayan, ən kritik məqamlarda qaçmağa üz tutan və ya isterikaya düşən, birləşdirməyi deyil, dağıtmağı bacaran bir şəxsin ciddi siyasi iddialar reallaşdırması, sadəcə, mümkün deyil. “İndi son hadisələr də göstərdi ki, o, hansı hünərə sahibdir. Yəni, bu isterika, bu paranoya, bu qorxaqlıq, - özünü lider sayan hansı adam özünə rəva bilər ki, bunu nümayiş etdirsin və ondan sonra bütün millətə bəyan etsin ki, mənə qarşı zor tətbiq ediblər...Bax, bu adam prezidentlik iddiasında olub və bu gün vaxtilə xalq hərəkatı tərəfindən yaradılmış Xalq Cəbhəsinə rəhbərlik etməyə çalışır”- cənab Prezidentin təsbiti, göründüyü kimi, kifayət qədər əhatəlidir.

Çıxışda adı çəkilməsə də, Prezidentə cavab verməyi özünə “mənəvi borc” bilən, son yazılarında ümummilli liderə böhtan atmaqdan çəkinməyən Cəmil Həsənli haqda kiçik xatırlatma etmək istərdim.

Bu, həmin Cəmil Həsənlidir ki, parlament kürsüsü müqabilində həm çıxışlarında, həm də kitablarında indi və əvvəl ən ağır ifadələrlə tənqid etdiyi Heydər Əliyevi “ümumilli lider” adlandırırdı. Bu, həmin Cəmil Həsənlidir ki, 1990-cı illərin sonları - 2000-ci illərin əvvəllərində o zaman AXCP sədri Ə. Elçibəylə münasibətləri gərgin olan İsa Qəmbərin və Əli Kərimlinin müdafiəsinə yazılar həsr edir, Kərimlini tənqid edən elçibəyçi jurnalistləri aşağılamadaqdan belə çəkinmirdi. Elçibəyçilərin Əli Kərimli haqda tənqidlərini isə “qaragüruhun Mirzə Cəlilə hücumu” ilə müqayisə edirdi. Elçibəyə və elçibəyçilərə belə ikrahamiz münasibətin motivləri barədə isə indiyədək səslənmiş ehtimallar üzərində geniş dayanmaq istəməzdim.

Qeydlərimin əvvəlində bildirdiyim kimi, cənab Prezidentin çıxışları bir master-klass və fəaliyyət proqramı səciyyəsindədir. Çünki çıxış bizim hədəfləri, hədəflərə çatmanın yollarını, hədəflər önündəki əngəlləri, iqtidarın opponentlərini və ölkənin xarici düşmənlərini bir daha xatırladır. Sirr deyil ki, hazırda özünün iqtidarın dəstəkçisi kimi göstərməyə çalışan bəzi cığırdaşlarımız polemikanın istiqamətini bilərəkdən sapdırmağa, müzakirələri iqtidardaxili hansısa ziddiyyətlərə fokuslamağa can atırlar. Mən onları Cənab Prezidentin çıxışlarının məntiqinə diqqət etməyi, siyasi opponentlərə pas ötürməyi dayandırmağa dəvət edirəm.

Sirr deyil ki, siyasi opponentlərimizə yaxın qruplarda yer alanlar bəzən ölkənin düşmənlərin açıq simpatiya nümayiş etdirməkdən çəkinmirlər. Biz bunu Azərbaycan hər dəfə beynəlxalq yarışlarda yer tutanda səhvən erməni tərəfə azarkeşlik edənlərin siyasi müxalifətdə təmsil olunanların ailə üzvləri arasından aşkarlanması zamanı da, Saakyanla, Mailyanla eyni lojaları və baxışları bölüşənlərin kimliyi ortaya çıxanda da, Azərbaycan Prezidentinin uğurlu diplomatik həmlələrlə Ermənistan rəhbərliyini küncə sıxdığı vaxtlar bu uğuru sabotaj etmə cəhdlərini müşahidə edəndə də görmüşük. Bu şəxslərdən iqtidarın uğurlarını etiraf etməyi gözləmirəm. Amma onları ən azı ümummilli hədəflər naminə bir olmağa, ümumi işə dəstək olmağa, dəstək ola bilməyəndə də sabotajçı olmamağa dəvət edirəm. Ümummilli mənafelər sferası bizim rəqabət meydanımız deyil, bir-birimizə dəstək, ötürmələr meydanımızdır.

Azərbaycan Prezidentinin son iki çıxışının əsas yekunu budur: uğurlarımız faktdır, lakin dayanmaq olmaz, biz daha qüdrətli, daha rifahlı bir Azərbaycan qurmalıyıq. Bu hədəfə doğru irəliləyərkən keçmiş illərin nə uğurlu səhifələrini, nə də ki, acı xatirələrini; nə ölkəni idarə edənlərin uğurlarını, nə də səriştəsiziliklərini; nə siyasi qətiyyətin nəticələrini, nə də səhlənkarlıqların fəsadlarını unutmamalıyıq. Qarşıdan gələn müddətdə milli tariximizin bütün dərslərini və yaşana biləcək fəsadları göz önünə almalı, ümum-Azərbaycan məsələlərində dövlətçiliyə xidmət edənləri də, düşmənlərimizlə bir sırada yer alanları da, belələrindən qəhrəman düzəldənləri də yaxşı tanımalıyıq. Biz-Azərbaycanın inkişafına məsul olan iqtidar komandası dövlətçiliyimizin və milli maraqlarımızın ətrafında daha sıx birləşərək, bu yolda heç bir təxribatçı fəaliyyətə, komanda oyununa xələl gətirmə istiqamətindəki əyintilərə imkan verməyəcəyik”.

OXŞAR XƏBƏRLƏR