Hikmət Hacıyev xarici diplomatların işğaldan azad edilmiş ərazilərə səfərlərinin təşkilinin məqsədini açıqlayıb - [color=red]MÜSAHİBƏ[/color]
  • SİYASƏT

  • 18:53 10 İyul 2021

Hikmət Hacıyev xarici diplomatların işğaldan azad edilmiş ərazilərə səfərlərinin təşkilinin məqsədini açıqlayıb - MÜSAHİBƏ

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin APA-ya müsahibəsi

- Məlum olduğu kimi, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəlik rəhbərlərinin işğaldan azad edilmiş Şuşa şəhərinə səfəri təşkil olunub. Səfərdə hansı ölkələrin nümayəndələri iştirak ediblər?

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, ölkəmizin əraziləri işğaldan azad edildikdən və 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra davamlı və mütəmadi şəkildə cənab Prezidentin səfərlərinin ardınca Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin də işğaldan azad edilmiş ərazilərimizə səfərləri təşkil olunur. Onlar yerindəcə mövcud vəziyyətlə, eləcə də ermənilərin 30 il ərzində törətdikləri vandalizm, Azərbaycan xalqının maddi və mənəvi irsinin talan və məhv edilməsi siyasəti ilə tanış olurlar. Bu xüsusda, artıq Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçın və Ağdam rayonlarına müxtəlif səfərlər təşkil olunub. Son belə səfər isə 9-10 iyul tarixlərində Şuşa şəhərinə təşkil olundu. Sonuncu səfərdə Avstriya, Belarus, Bolqarıstan, Braziliya, Çin, Əfqanıstan, Əlcəzair, Fələstin, Gürcüstan, Xorvatiya, İordaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kolumbiya, Koreya, Qətər, Latviya, Macarıstan, Malayziya, Meksika, Mərakeş, Niderland, Pakistan, Polşa, Serbiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Ukrayna, Yaponiya, Yunanıstan səfirləri, Belçika, BƏƏ, Çili, Estoniya, İraq, İran, Qazaxıstan, Litva, Liviya, Rumıniya, Slovakiya, Sudan və Venesuelanın müvəqqəti işlər vəkilləri, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndələri iştirak etmişlər. Bu səfərlərdə, xüsusilə Şuşaya səfərdə iştirak etmiş bütün səfirlərə və əcnəbi diplomatik xidmət əməkdaşlarına təşəkkürümüzü bildirirəm.

- Diplomatların 9-10 iyul tarixli səfərinin proqramı barədə məlumat verə bilərsinizmi?

- Diplomatik nümayəndəlik rəhbərləri əvvəlcə Füzuli şəhərinə səfər etdilər. Orada onlar Füzuli Beynəlxalq Hava Limanı və “Füzuli” yarımstansiyası ilə tanış olublar. Daha sonra Şuşa şəhərinə yola düşən diplomatlar orada Şuşa Bəyannaməsinin imzalandığı yer, Saatlı məscidi, Natəvanın ev kompleksi, Xan Qızı bulağı, Şuşa Qala divarları, Yuxarı Gövhər Ağa məscidi, Aşağı Gövhər Ağa məscidi, Pənahəli xanın sarayının qalıqları olan ərazi, “Realnı” məktəbinin binası və Qazançı kilsəsi ilə tanış olublar.

Qeyd etmək istərdim ki, Ermənistan tərəfindən Şuşa şəhərində görülən quruculuq və bərpa işləri ilə bağlı hətta müxtəlif qarayaxma kampaniyası aparılırdı. Şuşaya səfərlə diplomatik nümayəndəlik rəhbərləri oradakı maddi mədəni və dini abidələrin təmiri və bərpası, eləcə də müasir şəhərsalma qaydaları tətbiq olunmaqla şəhərin urban planlaşdırma və inkişaf konsepsiyaları ilə əlaqədar olan işlərlə də yerindəcə tanış olmaq imkanı əldə etdilər.

- Səfər diplomatik nümayəndəlik rəhbərlərində hansı təəssüratları yaratdı?

- Qısa müddət ərzində infrastruktur layihələrinin belə yüksək sürətlə həyata keçirilməsi hər kəsdə böyük heyranlıq doğurdu. Belə ki, yerindəcə məlumat verildi ki, Füzuli şəhərində hava limanının tikintisi üzrə artıq çox ciddi irəliləyişlər əldə edilib və qarşıdan gələn payız aylarında orada ilk sınaq uçuşlarının həyata keçirilməsi nəzərdə tutulub. Elektrik şəbəkələrinin və elektrik ötürücü xətlərinin quraşdırılması, “Füzuli” yarımstansiyasından Şuşa şəhərinə elektrik enerjisinin çatdırılması, yol-nəqliyyat infrastrukturunun qurulması, ələlxüsus çətin relyef şəraitində Zəfər yolunun və digər paralel yolların çəkilməsi qonaqlarda böyük təəssürat yaratdı.

Şuşa şəhərinə səfər etmiş diplomatik korpus arasında ümumi formalaşan fikir ondan ibarətdir ki, ermənilər tərəfindən sistematik şəkildə Azərbaycanın işğal altında olan Füzuli və Ağdam şəhərlərinin dağıdılması və məhv edilməsi siyasəti həyata keçirilib. Belə ki, həmin şəhərlərdə fiziki olaraq ermənilərin mülki əhalisi yaşamırdı. Amma eyni mənzərənin onlar Şuşa şəhərində də şahidi oldular. Ermənilər Şuşa şəhərində yaşasalar da, Şuşa da çoxsaylı dağıntılara məruz qalıb və onun maddi mədəni irsinə ciddi ziyan dəyib. Diplomatik heyət də daxil olmaqla, heç kim Ermənistanın bu vandalizm əməllərini törətməkdə məqsədinin nədən ibarət olmasına birmənalı cavab tapa bilmirdi. Əslində, cavab sadədir. Ermənilər Şuşa daxil olmaqla, digər işğal etdikləri ərazilərə yad olub, ona görə də müvəqqəti işğal dövründə yalnız talanla məşğul olub.

Bildirmək istərdim ki, bu kimi səfərlər olduqca əhəmiyyətlidir. Diplomatlar real faktlar ilə yerində tanış olmaq imkanı əldə etdilər. Səfirlərin tam dolğun məlumatla təmin olunması onların təmsil etdikləri ölkələrin düzgün məlumatlandırılması və yalan və qərəzli siyasi kampaniyaların qarşısının alınmasıdır. Bu, bir daha Azərbaycanın bu kimi məsələlərdə açıqlığını və şəffaflığını göstərir.

Cənab Prezidentin tapşırığına uyğun olaraq bu kimi səfərlər bundan sonra da təşkil olunacaq.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR