• SİYASƏT

    15:20 4 aprel 2019

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun iclasında müzakirə edilən məsələlər açıqlanıb

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun dünən Milli Məclisdə keçirilən qapalı iclasında müzakirə edilən məsələlər bəlli olub.

Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov ONA-ya açıqlamasında deyib ki, İşçi Qrupun iclasının keçirilməsi həddən artıq əhəmiyyət kəsb edir. Çünki ölkədə insan haqlarının durumu ilə bağlı məhz Azərbaycanda fəaliyyət göstərən QHT-lər daha ətraflı məlumata malikdirlər: “İclasda bir neçə məsələ müzakirə olundu. Prezidentin əfv sərəncamı, ötən gün qəbul edilmiş “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman müsbət hal kimi qiymətləndirildi. Avropa Şurası və başqa beynəlxalq təşkilatlar içərində Azərbaycanla bağlı fəaliyyət, insan haqları və demokratiyaya dair məsələlərin təhlili aparıldı”.

S. Seyidov qeyd edib ki, iclas iştirakçıları belə görüşlərin intensiv keçirilməsi barədə razılığa gəliblər: “Qərarlaşdıq ki, ən azı 3 aydan bir görüş keçirək”.

Qeyd edək ki, aprelin 3-də Milli Məclisdə İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun iclası keçirilib. İclasda Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında daimi nümayəndəsi, Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri Kəmalə İsmayılova, daxili işlər nazirinin müavini, Baş Təşkilati-İnspeksiya İdarəsinin rəisi Fazil Quliyev, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi İlqar Cəfərov, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Aynur Sabitova, Azərbaycanın Avropa Şurası Parlament Asambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, komitənin üzvü Çingiz Qənizadə, hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səadət Bənəniyarlı, Əvəz Həsənov, Mirvari Qəhrəmanlı və Arzu Abdullayeva iştirak edib.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR