"Sonuncu forumdan ötən dövr ərzində həm qlobal, həm də regional baxımından təhdidlər azalmayıb. Aktiv münaqişələrin sayının azalmasına baxmayaraq, qlobal oyunçular arasında gərginlik davam edir, yeni çağırışlar və yeni risklər artır".
ONA-nın məlumatına görə, bunu VII Qlobal Bakı Forumunda çıxışı edən Moldova prezidenti İqor Dodon deyib.
O bildirib ki, Moldova həm qərblə, həm də şərqlə, həm Avropa İttifaqı, həm də MDB ölkələri ilə əməkdaşlığı genişləndirmək niyyətindədir: "Mən ötən il bu forumda çıxışım zamanı qeyd etdiyim kimi, Moldova qarşısında "ya, ya" seçiminin qoyulmasına qarşıyam. Bizə deyirlər ki, siyasətimiz Qərb yönümlü, Rusiya yönümlü, NATO yönümlü və ya ABŞ yönümlüdür. Lakin mən düşünürəm ki, Moldova üçün önəmli olan Moldova yönümlü siyasətdir. Bildiyiniz kimi, Moldova SSRİ dağıldıqdan sonra MDB-nin üzvü oldu. 2013-2014-cü illərdə biz Avropa İttifaqı ilə ciddi danışıqlar apardıq və "Assosiasiya sazişi" imzalayaraq vizasız rejim əldə etdik. Ötən il isə Avrasiya İqtisadi İttifaqında müşahidəçi status aldıq. Bu, Moldovaya nə verir? İqtisadiyyatda həm Avropa İttifaqı ilə, həm də MDB ölkələri ilə azad ticarət. Vətəndaşlar üçün həm Avropa İttifaqı ölkələrinə, həm MDB ölkələrinə vizasız rejim. Burada pis olan nədir? Burada təhlükəsizlik məsələsi ilə bağlı sual ortaya çıxır. Biz Qərbdə və ya Şərqdə özümüzü hansısa hərbi ittifaqın üzvü kimi görürükmü? Milli təhlükəsizlik və müdafiə məsələsində daimi bitərəfliyimizi saxlamaq və möhkəmləndirmək niyyətindəyik".