• SİYASƏT

    18:46 20 yanvar 2025

İranda həbsdə olan Fərid Səfərli Azərbaycana qaytarılıb

İranda həbsdə olan Fərid Səfərli Azərbaycana qaytarılıb.

ONA xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Xarici İşlər Nazirliyi birgə mətbuat məlumatı yayıb.

Məlumatda bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan vətəndaşı, 2023-cü ildə İran İslam Respublikasında saxlanılmış Səfərli Fərid Qabil oğlu beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində yanvarın 18-də İrandan təhvil alınaraq ölkəmizə qaytarılıb:

"Fərid Səfərli tibbi müayinədən keçdikdən sonra ailəsinə qovuşub.

Azərbaycan Respublikasının vətəndaşlarının ölkə hüdudlarından kənarda hüquq və mənafelərinin qorunması istiqamətində zəruri tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək".

Qeyd edək ki, Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərli 2023-cü il fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib.

O, martın 4-də İranda həbs olunub. 19 iyul 2023-cü il tarixində keçirilmiş məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub: Məhkəmənin qərarı ilə onun 2 il yarım müddətinə həbsi barədə hökm çıxarılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR