“Azərbaycan dövləti və xalqının humanist addımı təqdirəlayiq və dəyərli bir addım idi”.
Bunu ONA-nın İran bürosuna açıqlamasında İranın Qızıl Aypara Cəmiyyətinin baş katibi Mahmudrza Peyrəvi deyib.
Ötən ay İranda baş verən sellə əlaqədar Azərbaycanın humanitar yardımlar göndərməsinə görə təşəkkürünü bildirən M.Peyrəvinin sözlərinə görə, bu digər insanların azərbaycanlılar üçün nə qədər önəmli olduğunu göstərir.
M.Peyrəvi İran və Azərbaycanın yardım və xilasetmə sahəsində əməkdaşlıq edəcəklərinə ümidvar olduğunu deyərək iki ölkənin birgə təlim və müştərək məşqlər təşkil edə biləcəklərini də vurğulayıb.
O, ABŞ-ın İrana qarşı sanksiyalarını pisləyib: “Hazırda müxtəlif ölkələrin seldən əziyyət çəkən şəxslərə göndərdikləri 4 milyon dollardan artıq yardım Beynəlxalq Qızıl Xaç Konfederasiyasının hesabında toplanıb, lakin həmin vəsaitin İrana göndərilməsi üçün yol yoxdur. Hazırda bizim qeyri-hökumət humanitar təşkilatı olaraq bütün maliyyə kanallarımız bağlanıb. Biz heç yerdən yardım ala bilmirik”.