İşğal dövründə istismar edilmiş 42 yatağın təftişi və monitorinqi keçirilib və dəymiş ziyan ilkin olaraq qiymətləndirilib.
APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında əksini tapıb.
Hesabatda qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərdə meşələrin bərpası, xüsusi mühafizə olunan təbiət ərazilərində ekoloji mühitin yaxşılaşdırılması, təbii sərvətlərdən, su ehtiyatlarından səmərəli istifadə, müşahidə və monitorinq sistemlərinin bərpası və digər istiqamətlərdə işlər aparılıb.
“Həmin ərazilərdə mövcud olmuş 167 faydalı qazıntı yatağının kadastr işləri aparılıb, işğal dövründə istismar edilmiş 42 yatağın təftişi və monitorinqi keçirilib və dəymiş ziyan ilkin olaraq qiymətləndirilib. Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonları üzrə 49 qeyri-filiz və inşaat materialları yataqlarının təftişi başa çatdırılıb, Kəlbəcər rayonu ərazisində Tutqun qızıl təzahüründə geoloji axtarış işlərinə başlanılıb, Zərqulu, Qızılitən, Qərbi Qızılitən və Qazıxanlı sahələri üzrə geoloji və geofiziki işlər aparılıb.