Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
APA-nın xəbərinə görə, təbrik məktubunda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Sizin ölkəniz müstəqillik illərində dövlətçiliyin möhkəmlənməsi, sosial-iqtisadi rifahın təmin edilməsi və dünya arenasında öz nüfuzunun yüksəldilməsi məsələlərində böyük uğurlar qazanıb.
Əminəm ki, Sizin güclü rəhbərliyinizlə Azərbaycan özünün firavanlaşan dövlət, habelə regional və beynəlxalq proseslərin mühüm iştirakçısı adını qətiyyətlə doğruldaraq sürətli inkişafını davam etdirəcək.
Qazaxıstanda qardaş Azərbaycan xalqının nailiyyətlərinə səmimi qəlbdən sevinirlər və çoxəsrlik dostluq və qarşılıqlı dəstək ruhunda Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının hərtərəfli dərinləşdirilməsinə böyük əhəmiyyət verirlər.
Əminəm ki, ali səviyyədə fəal siyasi dialoq bundan sonra da bizim ikitərəfli əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə çatdırılması üçün möhkəm zəmin olacaq.
Hörmətli İlham Heydər oğlu, Sizə ali dövləti fəaliyyətinizdə yeni zəfərlər, qardaş Azərbaycana firavanlıq və tərəqqi diləyirəm”.