• SİYASƏT

    09:56 15 noyabr 2020

Kəlbəcər niyə hər zaman düşmənin hədəfində olub? – ŞƏRH

Bu gün Azərbaycanın vacib incilərindən biri sayılan Kəlbəcər şəhəri düz 27 il sonra erməni işğalından azad ediləcək.

Hər kəsə yaxşı məlumdur ki, əgər Azərbaycan ordusunun sentyabrın 27–si başlayan hərbi əməliyyatlarda qələbəsi olması idi, Ermənistan Kəlbəcəri işğalda saxlamağa davam edəcəkdi. Baxmayaraq ki, bu 30 il ərzində daima danışıqlar prosesində 5 + 2 formuluna uyğun Kəlbəcərin işğaldan azad olunması tələb olunub, hər kəsə məlumdur ki, Ermənistan və ermənilər əslində ətraf rayonlar daxil olmaqla Azərbaycan torpaqlarını işğalda saxlamağa və gələcəkdə özlərinə sərf edən münbit şəraitdən istifadə edərək dövlətimizin digər ərazilərinə də qəsb etmək iddiasında idi. 2019–cu ildə Nikol Paşinyan və David Tonoyanın da qəbul etdikləri və Ermənistan müdafiə nazirinin bir neçə dəfə ucadan “yeni müharibə, yeni ərazilər” iddiası ermənilərin quldur tamahının bariz nümunəsi idi.

Lakin, Azərbaycan bütün dünya ermənilərinə və Ermənistan dövlətinə sübut etdi ki, artıq XX əsr deyil. Havadarlarının köməyilə hər onilliklərdən – iyirmiilliklərdən bir ərazilərimizə qəsb etmək və işğal etmək arxada qalıb. Və əgər Ermənistan doğrudan da dedikləri kimi qəhrəman övladların yetişdirdiyi bir cəmiyyətə sahibdirsə, o zaman buyursun təkbətək Azərbaycanla döyüşsün. Nəhayət, Ermənistan havadarlarına güvənərək bu il bir neçə dəfə Azərbaycanla müharibəyə başlamaq istədi, bunun üçün təxribatlar etdi. Sentyabrın 27 – si tarixindəki təxribatdan sonra regionda yeni Qarabağ müharibəsinə start verildi və bu döyüşlər Ermənistanın rüsvayçı və biabırçı məğlubiyyəti ilə başa çatdı. Bizim illərdir – Kəlbəcərdən və digər ətraf ərazilərdən çıx tələbimizi Ermənistanın baş naziri bir neçə dəqiqə ərzində imzaladı və qarşımızda diz çökdü.

Beləliklə, Kəlbəcərin azad olunması BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnamənin yerinə yetirilməsi deməkdir. Lakin, bu qətnamə BMT TŞ üzvlərinin səyi nəticəsində reallaşmalı olduğu halda, faktiki olaraq ordumuzun gücü nəticəsində həllini tapdı. BMT TŞ–nın digər 3 qətnaməsi kimi.

Burada xüsusilə qeyd etmək lazımdır ki, ermənilər hələ Qarabağ münaqişəsinə qədər strateji əhəmiyyətli və faydalı qazıntılarla zəngin Kəlbəcərə iddialar edirdilər. Ötən əsrin 70–ci illərində Azərbaycanda başlanmış sosial-iqtisadi, mədəni inkişafın dalğaları ucqar dağ rayonlarının da həyatında öz əksini tapmağa başladı. Bu dövrdə Moskvada ermənilər Kəlbəcər əhalisinin aran rayonlarına köçürülməsi və rayondan yalnız yaylaq kimi istifadə olunması kimi məsləhətləri SSRİ–nin yüksək iyerarxiyasında əyləşənlərə aşılamaq istəyirdilər. Təbii ki, bununla da onlar rayonun azərbaycanlı əhalisini uzaqlara yerləşdirmək və gələcəkdə Kəlbəcəri “özününküləşdirmək” məqsədi güdürdülər.

Yalnız ümummilli lider Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə gələndən sonra Kəlbəcərin taleyinə işıq düşdü. Ulu öndərimiz Heydər Əliyev sonralar Kəlbəcər Rayon Partiya Komitəsinin katibinə demişdir: “Mərkəzi Komitədə və Nazirlər Sovetində belə söhbətlər gedirdi ki, Kəlbəcər perspektivsiz bir rayondur, özünü doğrulda bilmir. Yeganə yol, guya onun əhalisinin aran rayonlarına köçürülməsi, ərazidən isə yaylaq kimi istifadə olunmasıdır. Lakin bu fikir məndə həmişə şübhə doğurub, onun səmimi olmasına heç vaxt inanmamışam. Odur ki, bu barədə mənə təklif olunan qərar-layihəyə də qol çəkməmişəm...”.

Bəli, məhz o vaxtlar Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Kəlbəcərin inzibati ərazi bölgüsü kimi gələcəksiz, heç bir potensialı olmayan, yalnız yaylaq üçün yararlı ərazi olduğunu iddia edənlərin və bu barədə qərar layihəsi hazırlayanların bütün cəhdlərini puça çıxarmışdı.

Kəlbəcər Azərbaycanın ən yüksək zirvəsində yerləşir və Ermənistanla sərhəd olduğundan bir qala qapısı hesab olunur. Onu qorumaq bütövlükdə Azərbaycanı qorumaq deməkdir. Sahəsi təqribən 174 min hektara çatan ərazidən əhali köçürüləndən, 128 kənd tamamilə boşaldılandan sonra ermənilər heç bir müqavimətə rast gəlmədən orada sərbəst qaydada məskunlaşmalı və bununla da Ermənistanla Dağlıq Qarabağ birləşdirilməli imiş. Plan belə tərtib olunubmuş. Yaxşı ki, ümummilli liderimiz keçən əsrin 70-80-ci illərində həmin bədnam planın qarşısını almışdı.

Lakin, 1992-ci ilin may ayının 15-də Ermənistan Laçın və Şuşa rayonlarını işğal etdi. Kəlbəcər mühasirəyə alındı. Kəlbəcərin respublika ilə yeganə əlaqə yolu çətin keçilən Murovdağ silsiləsi idi. Murovdağ rayon üçün “həyat yolu” idi.

Erməni silahlı qüvvələri aprel 1993–cü ilin aprel ayının 2-si Kəlbəcərə bir neçə istiqamətdən hücuma keçdilər. Kənardan rayon əhalisi köməksiz qalmışdı, əhali faciə içərisində idi, 60 minlik əhali mühasirədə qalmışdı. Yeganə qurtuluş yolu Murovdağ silsiləsi idi. Həmin gün Murovdağ silsiləsinə bəzi yerlərinə 70 sm, bəzi yerlərdə isə 1 m-ə yaxın qar yağmışdı. Qarın yağması vəziyyəti daha da çətinləşdirmişdi. Rayon əhalisi uşaqları, qocaları, xəstələri necə xilas etmək yolunu bilmirdilər. Bu faciədə erməni faşistləri bir neçə yüz nəfəri öldürdülər, bir neçə yüzünü əsir götürdülər. Erməni faşistləri rayonu talan edib, yandırdılar. Rayon ərazisində olan tarixi-memarlıq abidələrini, binaları, evləri dağıdıb məhv etdilər. 19 ibtidai, 33 səkkizillik, 44 orta məktəb binası, 1 texnikum, 1 texniki-peşə məktəbi, 82 internat, 16 uşaq bağçası, 38 körpələr evi, 41 mədəniyyət evi, 1 rayon mərkəzi xəstəxanası, 1 rayon mərkəzi uşaq xəstəxanası, 9 kənd xəstəxanası, 23 kənd ambulator məntəqəsi, 75 feldşer-mama məntəqəsi, 1 ictimai-sosial kombinatı, 2 mineral sudoldurma zavodu, 1 qızıl zavodu, 1 civə zavodu və s. dağıdılıb məhv edildi.

Həmin vaxt 3 tərəfdən - Göyçə, Ağdərə və Laçın istiqamətlərindən Kəlbəcəri mühasirəyə alan düşmən qüvvələrinin qarşısında demək olar ki, təkcə qalan Kəlbəcər batalyonu pərakəndə şəkildə düşmənə müqavimət göstərsə də möhkəm müdafiə qura bilmədi və nəticədə Kəlbəcər işğal edildi.

27 il ərzində Kəlbəcərdə qeyri – qanuni yolla məskunlaşdırma aparan Ermənistan dövləti həm də rayonun qızılının və digər təbii sərvətlərinin qanunsuz şəkildə istismarı ilə məşğul olub.

Hələ 1980-ci illərdə aparılan geoloji kəşfiyyat zaman Söyüdlü -Zod qızıl yatağı sahəsində 4-5 min il əvvəl qızıl istehsal edildiyi sübut olunub.

Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları, sənaye əhəmiyyətli ümumi ehtiyatları 850 ton olan 3 - Ağyataq, Levçay, Çorbulaq və ehtiyatları 200 tondan çox olan Qamışlı və Ağqaya civə yataqları, ehtiyatları 10941 min kubmetr olan və mişar daşı istehsalına yararlı Kilsəli tuf yatağı, ehtiyatları 1312 min kubmetr olan və kərpic istehsalına yararlı Keşdək gil yatağı, ehtiyatları 4473 min kubmetr olan və yüngül beton doldurucusu kimi istifadə olunan Keçəldağ perlit yatağı, ümumi ehtiyatları 2,2 milyon kubmetr olan 2 üzlük daş yatağı, ehtiyatları 2540 min kubmetr olan Çəpli qum-çınqıl qarışığı yatağı; 4 mərmər oniksi (ehtiyatları 1756 ton), nefroid (ehtiyatları 801 ton) yatağı; ehtiyatları 2337 ton olan 1 obsidian (dəvə gözü) yatağı, ehtiyatları 1067 min kubmetr olan 1 listvenit yatağı vardır.

Beləliklə, bu gün, nəhayət ki, Kəlbəcər işğaldan azad olunur. Erməniləri iti qovan kimi Azərbaycanın tarixi rayonundan qovuruq. Necə ki, 5 gün sonra Ağdamdan, dekabrın 1 – i isə, Laçından qovulacaqlar.

Biz, bir daha torpaqlarımızın buraya gəlmə xalq olan - ermənilər tərəfindən işğal olunmasına yol verməyəcəyik.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov

ONA

Teqlər:

SON XƏBƏRLƏR