“Azərbaycanın müxtəlif reytinqlərdə tutduğu yerlər ölkənin inkişafı üçün çox böyük əhəmiyyət kəsb edir”.
APA-nın şimal bürosunun xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bu gün Qubada Ombudsman, Avropa Şurası və Aİ-nin birgə təşkilatçılığı ilə “Şərq tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanları üçün məhkəmədənkənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxış imkanlarının gücləndirilməsi” mövzusunda maarifləndirici treninq-seminarda deyib.
Qubada təşkil olunan seminarın əhəmiyyətini vurğulayan səfir qeyd edib ki, Azərbaycan Avropa Şurasının üzvü, Aİ-nin isə çox vacib tərəfdaşıdır: “Azərbaycanla yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar yekunlaşır. Biz bu il birlikdə yeni “Şərq Tərəfdaşlığı”nı formalaşdırırıq ki, Azərbaycan oranın üzvüdür. Biz gözləyirik ki, iyul ayında liderlər bir ara gəlsinlər və bizə əməkdaşlığımızın hansı istiqamətdə inkişaf etdirilməsi barəsində təlimat versinlər”.
Ombudsman Səbinə Əliyeva bildirib ki, Azərbaycanda insan hüquq və azadlıqları Azərbaycan Konstitusiyası, normativ-hüquqi aktlar və ölkənin qoşulduğu beynəlxalq müqavilələr kontekstində tənzimlənir.
Qeyd edək ki, iki gün davam edəcək təlimlərin əsas məqsədi ayrı-seçkilik əleyhinə Avropa standartları və onların tətbiqi qaydasının təqdim edilməsi, həmçinin Ombudsman aparatı və regional mərkəzlərin əməkdaşlarının aparatın ayrı-seçkiliklə mübarizə mandatının tətbiqində, eləcə də hədəf qrupları və ayrı-ayrı qurbanlarla iş qaydası ilə bağlı bacarıqların artırılmasıdır.