• SİYASƏT

    13:47 4 dekabr 2019

Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olması barədə qərar qəbul edib

Bu gün Konstitusiya Məhkəməsi Plenumunun iclasında Milli Məclisinin buraxılmasının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barəsində Azərbaycan Respublikası Prezidentinin sorğusuna baxılıb.

ONA-nın məlumatına görə, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin sədrlik etdiyi iclasda məruzəçi-hakim Rafael Qvaladze, iclas katibi Fəraid Əliyev, sorğu verən tərəfin nümayəndəsi Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, cavab verən tərəfin nümayəndələri - Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov olub.

İclasda çıxış edən məruzəçi-hakim Rafael Qvaladze Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı dekabrın 2-də Konstitusiya Məhkəməsinə sorğusu barədə məlumat verib.

Milli Məclisin qərarı barədə sorğu verən tərəfin nümayəndəsi Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov deyib ki, həmin qərarda Azərbaycan Prezidentindən Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi xahiş edilib. Onun sözlərinə görə, bu qərar faktiki olaraq parlamentdə çoxluq təşkil edən, Yeni Azərbaycan Partiyasının üzvləri olan deputatların təşəbbüsü və iradəsi, o cümlədən parlamentdə digər partiyalardan olan deputatlar və bitərəf deputatlarla birgə onların yüksək əksəriyyəti tərəfindən qəbul edilib: “Parlamentin buraxılması institutu Azərbaycan qanunvericiliyində yeni institutdur. Bildiyimiz kimi, həmin institut 2016-cı ildə ümumxalq səsverməsi yolu ilə Konstitusiyaya daxil edilib. Nə həmin tarixdən əvvəl, nə də sonra müasir Azərbaycan Respublikasının Konstitusion tarixində bu cür ictimai siyasi hüquqi hadisə baş verməyib. Bu müddəa xalq tərəfindən qəbul olunandan sonra da onun tətbiqi üçün şərait formalaşmayıb, onun tətbiqi üçün zərurət olmayıb. Nəticədə göstərilən müddəanın təsir dairəsi, onun tətbiq mexanizmləri müəyyənləşdirilməyib və Azərbaycan hüquq ictimaiyyətində bu barədə vahid fikir formalaşmayıb. Eyni zamanda Azərbaycan hüquq ədəbiyyatında da bu məsələ tam araşdırılmayıb. Həmçinin Milli Məclisin buraxılması ictimai siyasi və hüquqi baxımdan böyük əhəmiyyətə malik hadisədir. Bu hadisənin baş verməsi nəinki birbaşa bugünkü nəticələrə təsir edəcək, həmçinin, gələcək üçün də çoxşaxəli ola bilər. Bu təsirlər arasında potensial növbəti seçkilər, yeni qərarlar, yeni qanunlar, parlamentin yeni orqanları, o cümlədən deputatların indiki və gələcək statusu məsələsi ortaya çıxa bilər. Bu gün Konstitusiya Məhkəməsinin icraatında olan sorğu bu mülahizələrdən irəli gəlir. Sorğunun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinin hazırkı vəziyyətdə tətbiqi əsaslarının olub-olmadığını aydınlaşdırmaq, habelə onun tətbiqinin Konstitusion qaydaları, proseduru müəyyən etmək və müddəanın tətbiqi nəticəsində hər hansı potensial hüquqi mənfi nəticənin qarşını almaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məhz bu mülahizələrdən irəli gələrək qərara alıb ki, göstərilən sualların aydınlaşdırılması məhz Konstitusiya icraatı çərçivəsində nəzərdən keçirilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 3-cü hissəsinin 1 bəndini rəhbər tutaraq yaranmış vəziyyətdə Azərbaycan Respublikasının Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə Qərarı əsasında Azərbaycan Respublikasının Milli Məclisinin buraxılmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olub-olmaması barədə Konstitusiya Məhkəməsinin qərarının qəbul edilməsini xahiş edirik”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli bildirib ki, bir neçə gün əvvəl Milli Məclisin deputatları Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı təşəbbüslə çıxış ediblər və Milli Məclisin dekabrın 2-də keçirilən iclasında bu təkliflərə hüquqi qiymət verilib, Prezidentə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı müraciət olunub: “Bu gün sizin araşdırmalarınız nəticəsində gələcəyiniz qərar Azərbaycan dövlətçiliyi baxımından, hakimiyyət qollarının fəaliyyəti baxımından müstəsna əhəmiyyət kəsb edir. Konstitusiyada qeyd olunduğu kimi, Azərbaycan demokratik və hüquqi dövlətdir. Hüquqi dövləti xarakterizə edən isə hakimiyyət bölgüsüdür. Qanunvericilik hakimiyyəti dövlət hakimiyyətinin çox vacib elementidir. Sözsüz ki, Qanunvericilik hakimiyyəti təkcə millət vəkillərinin qanunları qəbul etməsi kimi başa düşülməməlidir. Milli Məclisin Konstitusiya ilə üzərinə qoyulmuş və dövlət həyatında müstəsna əhəmiyyət kəsb edən digər funksiyaları var. Konstitusiyamızın 95-ci maddəsinin 16 və 17-ci bəndləri, Konstitusiyamızın 111 və 112-ci maddələrində hərbi vəziyyətin, müharibənin, fövqəladə vəziyyətlə bağlı və bu cür dövlətçilik və xalqımız üçün müstəsna əhəmiyyət kəsb edən məsələlərdə iştirakı zəruridir. Konstitusiyamız məhz bu mənada qanunvericilik hakimiyyətində xüsusi yerini qeyd etmiş olur. 981-ci maddədə əlbəttə ki, “Milli Məclis buraxılır” dedikdə, bu baxımdan qanunverici hakimiyyətin funksiyaları dayanır mənasında başa düşülməməlidir. 981-ci maddənin buraxılma məqsədi Milli Məclisin qərarında göstərildiyi kimi, növbədənkənar seçkilərin keçirilməsidir. Ona görə də, 981-ci maddədə Milli Məclisin buraxılması Konstitusiyanın 89-cu maddəsində deputatın mandatdan özünün imtinası kimi başa düşülməməlidir. Bu maddələrin hər birinin funksiyası və mənası fərqlidir. Hesab edirəm ki, bütövlükdə deputatların səlahiyyət müddətini həll edən 87-ci maddəyə istinad etməliyik. Çünki “səlahiyyət müddəti yeni çağırışın ilk iclas günü bitir” müddəası bütövlükdə Milli Məclisin səlahiyyət müddətini özündə əks etdirmir.

Ə. Hüseynli bildirib ki, yeni parlament fəaliyyətə başlayana qədər hazırkı parlament qanunvericilik hakimiyyəti kimi fəaliyyətini davam etdirməlidir.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürovun çıxışından sonra Konstitusiya Məhkəməsi Plenumu müşavirəyə gedib.

Müşavirədən sonra Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olması barədə qərar qəbul edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR