Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın yolunda aksiyanı davam etdirir.
APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, aksiya iştirakçılarının sayı günbəgün artır. Aksiya baş tutan əraziyə böyük Azərbaycan Bayrağı gətirilib.
Etirazçılar tələb irəli sürərək bildiriliblər ki, təbii sərvətlərin qanunsuz istismarı və daşınmasına son qoyulmalı, Rusiya sülhməramlıları buna nəzarət etmədiyi üçün, onların olduğu bütün postlarda xidmət Azərbaycanın aidiyyəti dövlət qurumları ilə birgə təşkil edilməlidir.
Aksiya iştirakçıları, həmçinin, “Ekoloji terrora son!”, “Mina terroruna son!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!” şüarları səsləndirir, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb edirlər.