• SİYASƏT

    14:03 28 may 2019

Lüksemburqda Nizami Gəncəviyə həsr olunmuş anım tədbiri keçirilib

Lüksemburq şəhərində Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi, Rusiya Federasiyasının Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi və Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Mədəniyyət Cəmiyyətinin birgə təşkilatçılığı ilə böyük Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəviyə həsr olunmuş anım tədbiri keçirilib.

ONA-nın xəbərinə görə, tədbir çərçivəsində öncə Nizami Gəncəvinin Rusiya Federasiyasının Lüksemburqdakı səfirliyinin ərazisində yerləşən heykəlinin önünə əklil qoyulub.

Tədbirdə çıxış edən səfir Fuad İsgəndərov Nizami Gəncəvinin yaradıcılığından bəhs edərək, onun əsərlərinin bəşəri dəyərləri, sülh və humanizmi təbliğ etdiyini qeyd edib. Tədbirin əhəmiyyətinə toxunan səfir, bir tərəfdən Avropa İttifaqının üzvü olan Lüksemburqun, digər tərəfdən isə Rusiya səfirliyinin ərazisində dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin ucalmasının rəmzi məna daşıdığını bildirib və abidənin bu gün də Rusiya səfirliyi tərəfindən qorunmasını iki ölkə arasındakı dostuğun nümunəsi kimi səciyyələndirib.

Səfir vurğulayıb ki, 1980-ci illərin əvvəllərində Azərbaycan tərəfinin təşəbbüsü və iştirakı ilə hazırlanmış abidənin rəsmi açılışı keçmiş Sovet İttifaqının Beneluks ölkələrində mədəniyyət günləri çərçivəsində təşkil edilib. Ümummilli lider Heydər Əliyev Belçika və Lüksemburqa 1996-cı ildə etdiyi səfəri zamanı abidəni ziyarət edib, heykəlin tarixi və siyasi əhəmiyyətini yüksək qiymətləndirib.

Rusiya Federasiyasının səfiri Viktor Sorokin artıq 4 ildir ki, ənənəvi olaraq keçirilən bu anım tədbirinin Rusiya və Azərbaycan arasında həmrəyliyin nümunəsi olduğunu diqqətə çatdırıb, iki ölkə arasında arasında bu dostluq və əməkdaşlığın daha da genişləndirilməsi üçün əlindən gələni etməyə hazır olduğunu vurğulayıb.

Tədbirdə diplomatik korpusun üzvləri, Lüksemburqda yaşayan Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR