Azərbaycan Respublikasının 2019-cu ildə inamlı inkişafı, ümumi daxili məhsulun artması öz növbəsində dövlət büdcəsinin icrasının göstəricilərində də özünü büruzə verib.
APA xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edərkən bildirib.
Nazir qeyd edib ki, 2019-cu ilin dövlət büdcəsinin mədaxil proqnozu 23 milyard 168 milyon manata qarşı 24 milyard 200 milyon manat məbləğində icra olunub: "Bu isə o deməkdir ki, 1 milyard 32 milyon manat və ya 4,5 faiz artıq mədaxil təmin edilmişdir.
Qeyd etməliyəm ki, bu məlumatlar operativ xarakter daşısa da, ümumi meyilləri göstərir. İlk növbədə, onu da qeyd etmək istərdim ki, dövlət büdcəsinin xərclərinin icrası 25 milyard 190 milyon manat proqnoza qarşı 24 milyard 405 milyon manat məbləğində və yaxud 97 faiz səviyyəsində icra edilmişdir. Beləliklə, dövlət büdcəsinin 2019-cu ildə kəsiri cəmi 205 milyon manat təşkil etmişdir. Bu isə o deməkdir ki, 2018-ci ildə təsdiq olunmuş 2 milyard 22 milyon manat büdcə kəsiri proqnozu 2019-cu il üçün büdcə qəbul edildikdə təxminən 10 faiz az olmuşdur".
Maliyyə naziri Samir Şərifov deyib ki, dövlət büdcəsi kəsirinin əhəmiyyətli dərəcədə azalması, ilk növbədə, onunla bağlıdır ki, fiskal orqanları - həm vergi, həm də gömrük orqanları tərəfindən büdcə daxilolmaları üzrə proqnozlar artıqlaması ilə icra edilib: "Digər tərəfdən isə dövlət büdcəsi xərclərinin bəzi maddələri üzrə qənaətlər əldə edilmişdir. Burada, ilk növbədə, Sosial Müdafiə Fondu üzrə transferti qeyd etmək istərdim. Belə ki, 2019-cu ildə biz dövlət büdcəsinə dürüstləşmə apararkən Dövlət Sosial Müdafiə Fonduna transferti artıq 150 milyon manat azaltmışdıq. İlin nəticələrinə görə isə faktiki olaraq əlavə transfertə ehtiyac olmadığına görə təxminən 180 milyon manata qədər qənaət əmələ gəlmişdir. Bu da onun hesabına baş vermişdir ki, sosial sığorta haqlarının yığılmasında böyük dönüş yaradılmışdır".