"Azərbaycan-Gürcüstan əlaqələri daim ümumi maraqlara uyğun inkişaf edir".
ONA-nın məlumatına görə, bunu VII Qlobal Bakı Forumunda iştirak edən Gürcüstanın keçmiş prezidenti Georgi Merqvelaşvili jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ölkələrimiz strateji tərəfdaşdır.
"Regionu xalqlarımız və digər xalqlar üçün imkanlar açacaq istiqamətdə inkişaf etdiririk. Bu gün Azərbaycan prezidenti birgə inkişaf etdirdiyimiz formatlardan danışdı. Mən xüsusilə nəqliyyat və energetika məsələləri ilə bağlı formatları qeyd etmək istərdim. Yaxın gələcəkdə TAP layihəsi aktiv fazaya keçəcək. Bu layihə nəinki regionun, o cümlədən cənubi Avropanın enerji problemlərini həll edəcək", - deyə Marqvelaşvili qeyd edib.
Gürcüstanla Azərbaycan arasında əlaqələrdən danışan eks-prezident bu əlaqələri zəiflətməyin mümkün olmadığını vurğulayıb: "Əlaqələrimiz çoxəsirlidir. Müstəqilliyimizin ilk illərindən bu əlaqələrə töhfə verilir. Prezident Heydər Əliyev və Prezident Şevardnadze bu əlaqələri inkişaf etdirib, biz də bu istiqamətdə siyasəti davam etdiririk".
G. Marqvelaşvili Gürcüstanın Dağlıq Qarabağ münaqişəsinin sülh və beynəlxalq hüquqa əsaslanmış prinsiplər əsasında həllini dəstəklədiyini də deyib.