• SİYASƏT

    14:55 24 noyabr 2019

Matviyenko: "Əminik ki, Mehriban Əliyevanın səfəri əməkdaşlığımızın daha da genişlənməsinə güclü impuls verəcək" - MÜSAHİBƏ

Rusiya Federasiya Şurasının sədri Valentina Metviyenkonun APA-nın Moskva müxbirinə müsahibəsi

- Valentina İvanovna, hazırkı mərhələdə Rusiya-Azərbaycan münasibətlərini necə qiymətləndirirsiniz?

- Əminliklə demək olar ki, bu gün ölkələrimiz arasında münasibətlər çox yüksək səviyyədədir. Üstəlik, deyərdim ki, bu münasibətlər yüksəlişdədir. Hər iki tərəf elm, iqtisadiyyat, humanitar sahələrdə çoxplanlı əməkdaşlığı möhkəmləndirmək, inkişaf etdirmək və genişləndirmək üçün mümkün olan hər şeyi edir. Hansı sahəni götürməyimizdən asılı olmayaraq, əhəmiyyətli nəticələr əldə edə bilmişik.

Ümumiyyətlə, biz artıq strateji tərəfdaşlıq səviyyəsinə çatmışıq və bu münasibətlər bərabərhüquqluluq, mehriban qonşuluq və bir-birimizin milli maraqları nəzərə alınmaqla qurulur.

Hər şeyi çəhrayı rəngdə təsvir etmək istəməzdim, həyat çox müxtəlifdir və təbii ki, suallar və problemlər yaranır. Ancaq xüsusi vurğulamaq istəyirəm ki, bu problemlərin hər zaman həlli tapılır. Bunda, ölkələrimizin prezidentlərinin - Vladimir Vladimiroviç Putin və İlham Heydər oğlu Əliyevin böyük əməyi var. Biz onların sıx yaxın əlaqələrini və etibarlı münasibətlərini yüksək qiymətləndiririk.

Məncə, səmərəli, bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslan əməkdaşlıq üçün belə bir format tapılıb və qurulub. Bu əlaqələrimizin möhkəmlənməsi yolunda inamla irəliləməyə imkan verir.

- Biz Sizinlə X Rusiya-Azərbaycan Regionlararası Forumu ərəfəsində söhbət edirik. Sizcə, iki ölkənin regionları arasında əlaqələr nə qədər aktiv inkişaf edir?

- Ölkələrimizin regionları arasında əməkdaşlıq Rusiya - Azərbaycan münasibətlərinin çox vacib tərkib hissəsidir. Regionlarımız-yerli hakimiyyət orqanları, sahibkarlar, geniş ictimaiyyət nə qədər səmərəli qarşılıqlı fəaliyyət göstərsə, tərəfdaşlığımızın təməli daha da güclü olar.

Bu əlaqələr çox predmetli, konkret və praqmatikdir, bürokratiyadan azaddır, yekun nəticəyə istiqamətlənib və ən müxtəlif sahələrdə-ticarət, iqtisadi qarşılıqlı fəaliyyət, səhiyyə, mədəniyyət sahəsində əməkdaşlıqda və digər istiqamətdə inkişaf edir.

İldən-ilə regionlararası əməkdaşlığın səmərəliliyi artır və bununla da ticarət dövriyyəmiz artır. Bu gün deyə bilərik ki, Rusiyanın əksər subyektləri – 70-dən çox region Azərbaycanın regionları ilə fəal qarşılıqlı fəaliyyət göstərir. İlk növbədə, Moskva, Moskva vilayəti, Sankt-Peterburq, Stavropol, Krasnodar diyarı, Həştərxan, Çelyabinsk və digər vilayətləri qeyd edə bilərəm.

Regionlararası forumlar yeni təmasların qurulduğu, sahibkarlar arasında müqavilələr və sazişlərin imzalandığı çox effektiv dialoq platformasına çevrilib. Əminəm ki, onuncu yubiley forumu da hər zaman "yuxarı"dan - hökumətlər səviyyəsindən görünən yeni inkişaf nöqtəsini ortaya çıxaracaq.

Bu cür əməkdaşlıq formatına biz böyük əhəmiyyət veririk. Federasiya Şurası regionlar palatası olaraq əlaqələrin möhkəmlənməsinə və genişlənməsinə hər cür yardımı göstərir. Biz belə forumların hazırlığında iştirak edirik və onların nə qədər səmərəli olduğunu bilirik.

Bu il X Rusiya-Azərbaycan Regionlararası Forumunun keçirilməsi Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzində tarixi görkəmi bərpa olunan Azərbaycan pavilyonunun açılması ilə üst-üstə düşür. Burada Azərbaycanın tarixi və mədəniyyəti ilə tanış ola, bugünkü uğurları barədə məlumat əldə etmək olar. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzinin özü, onun pavilyonları təkcə moskvalılarda deyil, paytaxtımızın qonaqlarında da maraq oyadır. Düşünürəm ki, bu, əməkdaşlığımızın inkişafı və genişləndirilməsinə töhfə verəcək daha bir perspektivli platformadır.

- Azərbaycanla Rusiya arasında parlamentlərarası əməkdaşlığın səviyyəsini nümunəvi hesab etmək olarmı? Sizcə, bu münasibətlərin potensialı tükənibmi?

- Hesab edirəm ki, bizim həqiqətən də nümunəvi parlamentlərarası əlaqələrimiz var. Müntəzəm olaraq görüşlər keçiririk, səfər mübadiləsi edirik, bütün məsələlərlə bağlı açıq danışırıq.

İkitərəfli əməkdaşlığın müxtəlif istiqamətlərinin qanunvericilikdə təminatında, ən yüksək səviyyədə - prezidentlərimiz səviyyəsində əldə olunan razılaşmaların həyata keçirilməsində iştirakımızı müzakirə edirik. Qanun yaradıcılığı işində fəal şəkildə təcrübə mübadiləsi aparırıq. Çünki həm Rusiya, həm də Azərbaycanın qarşısında parlamentin iştirakını tələb edən yeni çağırışlar və təhdidlər meydana gəlir. Çalışırıq ki, öz parlament təcrübəmizi Azərbaycana ötürək. Eləcə də, bizim də həmkarlarımızdan öyrənəcəklərimiz var.

Parlamentlərarası İttifaq, MDB Parlamentlərarası Assambleyası, AŞPA, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası və digər bu kimi müxtəlif beynəlxalq parlament meydançalarında da səmərəli əməkdaşlığımızı çox yüksək qiymətləndiririk.

Saatlarımız yoxlayır, mövqelərimizin yaxın və ya üst-üstə düşdüyü sahələri müəyyənləşdirir və birlikdə ölkələrimizin maraqlarını müdafiə edirik. beynəlxalq parlament meydançalarında səylərimizi birləşdirən zaman səsimiz daha gur çıxır.

Rusiya Federasiyası Federal Məclisi və Azərbaycan Respublikasının Milli Məclisinin əməkdaşlığı üzrə Parlamentlərarası komissiya effektli və müntəzəm əsasda işləyir. Bu komissiya aktual məsələlərə, o cümlədən regionlararası və sərhədyanı əməkdaşlığa dair məsələlərə baxır. Biz mübahisə edirik, hərdən daha qızğın mübahisə edirik, lakin hər zaman iki ölkənin maraqlarına cavab verəcək konstruktiv həlli tapırıq.

Parlamentlərarası əməkdaşlığın potensialı çox yüksəkdir, deyərdim ki, tükənməzdir. Həyat yerində dayanmır, parlamentin reaksiyasını tələb edən daim yeni çağırışlar meydana gəlir, yeni proseslər başlayır. Çalışırıq ki, hər zaman trenddə olaq, ikitərəfli dövlətlərarası münasibətlərin möhkəmlənməsinə kömək edək.

- Bu il Bakıya səfəriniz zamanı Azərbaycanda Rusiya Mədəniyyət günlərinin açılışını etdiniz. İki ölkə arasında humanitar sahədə əməkdaşlığı necə qiymətləndirərdiz?

- Mədəniyyət sahəsində əməkdaşlığın Rusiya və Azərbaycan qədər fəal, məhsuldar və nəticəli olduğu çox az ölkə tapmaq olar. Mən bu münasibətləri, sadəcə, etalon adlandırardım.

Öncə, qeyd etmək istəyirəm ki, Azərbaycan rəhbərliyi humanitar sahədə əməkdaşlığa böyük diqqət yetirir və onun inkişafı üçün zəmin yaradır. İkincisi, Rusiyada Azərbaycanın mədəni irsinə və Azərbaycanda rus mədəniyyətinə maraq o qədər böyükdür ki, əməkdaşlığın aktivliyi ildən-ilə artır. Rusiya teatrları, ən yaxşı incəsənət kollektivləri, orkestrlər tez-tez Azərbaycana səfər edir. Eləcə də, biz məmnuniyyətlə ölkəmizdə yaşayan çox güclü Azərbaycan diasporunun köməyi ilə ölkənizin mədəniyyəti ilə tanış oluruq. Daimi yaradıcılıq mübadilələri qarşılıqlı şəkildə mədəniyyətlərimizi zənginləşdirir.

Bundan əlavə, ölkədə rus dilinin qorunmasına çox diqqətli münasibət göstərdiyinə görə Azərbaycan rəhbərliyinə sonsuz minnətdarlığımızı bildiririk. Azərbaycan sakinlərinin 70%-dən çoxu bu və ya digər dərəcədə rus dilində danışır. Bu, əlbəttə ki, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün, sadə insanların, mədəniyyət xadimlərinin, həkimlərin, müəllimlərin millətlərarası ünsiyyəti üçün yaxşı şərait yaradır. Eyni dildə danışanda bir-birinizi daha yaxşı başa düşürsünüz. Azərbaycanın məktəblərində və ali təhsil müəssisələrində rus dilinin öyrənilməsi imkanlarının genişləndiyinə çox şadıq. Biz Azərbaycan hakimiyyətinin bu istiqamətdəki səylərini yüksək qiymətləndiririk və mümkün olan hər cür köməyi göstərməyə hazırıq.

Humanitar sahədə əməkdaşlığımız möhkəm hüquqi bazaya əsaslanır və biz daim bu bazanı genişləndiririk. Ötən il, misal üçün, turizm və idman sahəsində əməkdaşlıq haqqında sənədlər imzalanıb. Bu, çox vaxtında atılmış addımdır, çünki Azərbaycandakı rus turistlərin sayı artır. Mən apreldə Bakıya səfərim zamanı buna əmin oldum. Azərbaycandan da bizə turistlər gəlir. Əminəm ki, imzalanan müqavilələr hər iki istiqamətdə turist axınının artmasına öz töhfəsini verəcək.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ölkələrimiz arasında münasibətlərin inkişafına, xüsusi ilə də humanitar sahədə münasibətlərə böyük töhfələr verir.

- İki ölkə arasında münasibətlərin inkişafı və möhkəmləndirilməsində xidmətlərinə görə Rusiya Prezidenti Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı "Dostluq" ordeni ilə təltif edib. Mehriban Əliyevanın Rusiya-Azərbaycan münasibətlərinə verdiyi töhfələrdən danışarkən nəyi məxsusi olaraq qeyd etmək istərdiniz?

- Prezident Vladimir Putin Mehriban Əliyevaya ünvanladığı təbrikində məktubunda demişdi: "Siz Rusiyanın böyük dostusunuz". Mənə elə gəlir ki, bundan yaxşısını demək çətindir. Həqiqətən də, çox hörmətli Mehriban Əliyeva tutduğu bütün vəzifələrdə, fəaliyyətinin bütün sahələrində - bir vaxtlar parlamentdə, Heydər Əliyev Fondunun rəhbərliyində, Azərbaycanın Birinci vitse-prezidenti rolunda hər zaman ölkələrimiz arasında dostluğun möhkəmlənməsinə böyük diqqət ayırıb. O, xüsusi ilə mədəniyyət sahəsində əməkdaşlığın inkişafı üçün çox işlər görüb. Mehriban Əliyeva rus mədəniyyətini bilir, onu sevir, qiymətləndirir və bu hiss olunur.

Azərbaycan tez-tez böyük beynəlxalq tədbirlərin, hər zaman yüksək səviyyədə təşkil olunan görüşlərin məkanına çevrilir. Xanım Əliyevanın Azərbaycan xalqının mədəni irsinin beynəlxalq aləmdə təbliğində səylərini görür və qiymətləndiririk. Onun səfərini səbirsizliklə gözləyirik, çünki əminik ki, Mehriban Əliyevanın səfəri əməkdaşlığımızın bundan sonra daha da genişlənməsinə güclü impuls verəcək.

Xanım Əliyevanın dostluq etmək və yaxşılıq etmək bacarığı kimi keyfiyyətlərini də qeyd etmək istərdim. Təsadüfi deyil ki, onun səyləri bütün dünyada tanınıb. O, UNESCO-nun xoşməramlı səfiri kimi bütün dünyaya Azərbaycan xalqının qəlbindəki ən gözəl şeyləri çatdırıb.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR