Ötən il Rusiya ilə Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 14% artaraq 2,5 milyard dollar təşkil edib.
“APA-Economics”in “ТАSS”a istinadən verdiyi məlumata gərə, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Moskvada keçirilən X Rusiya-Azərbaycan regionlararası forumunda çıxışında deyib.
Onun sözlərinə görə, ölkələr arasında investisiya əməkdaşlığı güclənməkdədir: "Azərbaycana birbaşa Rusiya sərmayəsi təxminən 1,5 milyard dollar təşkil edir və Azərbaycan bazarında 700-ə yaxın müştərək müəssisə fəaliyyət göstərir. Son illərdə Rusiya ilə Azərbaycan arasında ticarət və iqtisadi əlaqələrin dərinləşdirilməsi istiqamətində çox böyük işlər görülüb və biz artıq bunun praktik nəticələrini görürük. Keçən il qarşılıqlı ticarət dövriyyəsi təxminən 14% artaraq təxminən 2,5 milyard dollar təşkil edib. Rusiya Azərbaycanın qeyri-xammal idxalı və ixracı üzrə əsas ticarət tərəfdaşıdır”.
V. Matviyenko bildirib ki, nəqliyyat sektorunda, xüsusilə “Şimal-Cənub” dəhlizinin formalaşması çərçivəsində də intensiv qarşılıqlı fəaliyyət davam edir. O, bu dəhlizin Avrasiyanın ən vacib nəqliyyat arteriyasına çevriləcəyinə və Cənubi Asiyadan Avropaya Rusiya və Azərbaycan üzərindən yüklərin əhəmiyyətli dərəcədə sürətlənəcəyinə inandığını bildirib: "Bu gün Rusiya ilə Azərbaycan arasında tərəfdaşlıq qarşılıqlı faydalı münasibətlərə, mehriban qonşuluq və bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır".
Rusiya Federasiya Şurası sədri vurğulayıb ki, iki ölkə arasındakı iqtisadi əlaqələri daha da gücləndirmək üçün bölgələrarası əməkdaşlıq mexanizmlərindən maksimum istifadə etmək lazımdır: "Hazırda Rusiya Federasiyasının 72 bölgəsi Azərbaycanla ticarət əlaqələri saxlayır, bunların arasında liderlər Moskva, Sankt-Peterburq, Çelyabinsk, Volqoqrad, Saratov, Nijni Novqorod, Həştərxan və Sverdlovsk vilayətləri, həmçinin Stavropol və Krasnodar diyarlarıdır".