• SİYASƏT

    22:17 22 oktyabr 2019

Maykl Dikerson: “ABŞ həmişə Azərbaycanın müstəqil və suveren hüququnu dəstəkləyib”

ABŞ səfirliyi son zamanlar mediada səslənən iddialara münasibət bildirib.

APA-nın xəbərinə görə, ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Maykl Dikerson "Facebook"da yaydığı videomüraciətdə bildirib ki, son zamanlar mediada ABŞ-ın Azərbaycanda sabitliyi pozmaqda maraqlı olduğu barədə yayılan ittihamlar yalandır və absurddur.


"Bununla əlaqədar məqalələrin və verilişlərin geri çəkilməsini və qaldırılmasını təqdir edirik. Azərbaycan müstəqillik qazandıqdan sonra ABŞ müstəqil, sabit, firavan və demokratik bir Azərbaycanı dəstəkləyib. Son 26 il ərzində biz Azərbaycana 1,5 milyard dollardan çox yardım göstərmişik. Bu, çox saylı azərbaycanlıların həyatında müsbət dəyişiklik yaradıb. Buraya təhlükəsizlik, səhiyyə, kənd təsərrüfatı, vətəndaş cəmiyyəti, iqtisadi inkişaf, qadın sahibkarlığı, turizm və təhsilin yaxşılaşdırılmasına kömək daxildir. 25 il əvvəl "Əsrin müqaviləsi"nin imzalanmasından başlamış və Cənubi Qaz Dəhlizinin inşası da daxil olmaqla, ABŞ həmişə Azərbaycanın enerji ehtiyatlarını, Azərbaycanın öz şərtləri ilə emal və ixrac etmək üçün müstəqil və suveren hüququnu dəstəkləyib", - deyə müvəqqəti işlər vəkili vurğulayıb.


O qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində tərəflərlə işləmək əzmindədir: "1993-cü ildən bəri münaqişə nəticəsində öz torpaqlarından didərgin düşmüş azərbaycanlılara 125 milyon dollardan çox yardım göstərmişik. Biz Azərbaycan hökuməti və xalqı ilə tərəfdaşlıq və dostluğumuzu yüksək qiymətləndiririk. Sonrakı illərdə də hər iki xalqın qarşılıqlı mənfəəti naminə əməkdaşlığımızı dərinləşdirməyə davam edəcəyimizə ümid edirik".

Fərid

Teqlər:

SON XƏBƏRLƏR