• SİYASƏT

    17:50 23 noyabr 2019

Mehriban Əliyeva: “Rusiya ilə Azərbaycan arasında münasibətlər qədim və möhkəm dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanır”

“Rusiya ilə Azərbaycan arasında münasibətlər qədim və möhkəm dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanır. Bu gün biz öz münasibətlərimizi strateji tərəfdaşlıq adlandırırıq. Fürsətdən istifadə edib, məni Rusiyaya rəsmi səfərə dəvət etdiyinə və məni “Dostluq” ordeni ilə təltif etdiyinə görə Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə təşəkkürümü bildirmək istəyirəm. Bu ordeni almaq mənim üçün böyük şərəfdir və mən bu mükafatı Rusiya-Azərbaycan dostluq münasibətlərinin daha bir təsdiqi kimi qəbul edirəm”.

APA-nın məlumatına görə, bunu Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva noyabrın 23-də Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunun əsaslı bərpa və təmirdən sonra açılış mərasimində çıxışında deyib.

Mehriban Əliyeva bildirib ki, bu gün ölkələrimiz arasında fəal siyasi dialoq mövcuddur: “Dövlət başçıları səviyyəsində müntəzəm görüşlər bunu təsdiq edir. Azərbaycanın və Rusiya Federasiyasının prezidentləri arasında etimada əsaslanan dostluq münasibətləri demək olar ki, bütün sahələrdə bizim ikitərəfli əlaqələrin dinamik və intensiv inkişafını təyin edir. Bizim uğurlu iqtisadi əməkdaşlığımız öz bəhrələrini verir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir, qeyri-neft məhsullarının idxalı üzrə isə birinci yeri tutur. Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi davamlı şəkildə artır. Keçən il bu göstərici 19 faiz artaraq 2,6 milyard ABŞ dollarına bərabər olub, cari ilin 9 ayı ərzində isə 26 faiz artım müşahidə olunur. Sevindirici haldır ki, qarşılıqlı investisiyaların həcmi artır. Rusiya Azərbaycana sərmayə yatırır. Azərbaycanda Rusiya investisiyalarının həcmi 4,9 milyard, o cümlədən qeyri-neft sektoruna sərmayə yatırımının həcmi 1 milyard dollardır. Azərbaycanın Rusiya iqtisadiyyatına investisiyaları 1,2 milyard dollar təşkil edir.

Rusiyadan Azərbaycana səfər edən turistlərin sayı durmadan artır. Keçən il 900 min rusiyalı bizim ölkəmizə səfər edib, cari ildə bu göstəricilərin artacağını gözləyirik”.

Birinci vitse-prezident qeyd edib ki, ikitərəfli əlaqələrdə regionlararası əməkdaşlıq mühüm yer tutur: “Azərbaycan Rusiya Federasiyasının 70-dən çox subyekti ilə həm iqtisadi, həm də humanitar sahədə əlaqələr qurub. Bu gün mənim səfərim çərçivəsində hörmətli Valentina İvanovna ilə birlikdə X yubiley Regionlararası Forumun açılışında iştirak edəcəyik.

Ölkələrimizi bir-birinə bağlayan humanitar əlaqələri xüsusi vurğulamaq istəyirəm. Bildiyiniz kimi, Azərbaycanda Rusiya mədəniyyətinə, rus dilinə dərin hörmətlə yanaşırlar. Ölkəmizdə rus dilinin öyrənilməsi tam həcmdə qorunub saxlanılıb. 338 məktəbdə tədris rus dilində aparılır, Azərbaycanın 14 dövlət ali məktəbində rusdilli bölmə var, 50 məktəbdə Təhsil Nazirliyinin rus dilinin intensiv tədrisi üzrə pilot layihəsi həyata keçirilir. Ali təhsil səviyyəsində də uğurlu əməkdaşlıq edirik. Bizim paytaxtımızda Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Bu ildən etibarən Azərbaycan Diplomatik Akademiyasının və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun ikili magistr diplomları proqramının birgə icrasına başlanıb. Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsil alır. Bizim tələbələrin Rusiyada təhsil almasının dəstəklənməsinə görə Rusiya hökumətinə təşəkkürümü bildirmək istəyirəm. Azərbaycanda çoxminli rus icması ölkəmizin ümumi inkişafına layiqli töhfə verir. Bir sözlə, humanitar sahədə münasibətlərimizin nümunəvi olduğunu desəm, zənnimcə, yanılmaram”.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR