• SİYASƏT

    14:52 25 noyabr 2019

Mehriban Əliyevanın Rusiyaya rəsmi səfərinin geosiyasi əhəmiyyəti - RUSİYALI EKSPERTLƏRİN RƏYİ

"Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri çox böyük ictimai-siyasi əhəmiyyət daşıyır. Rusiyanın ali rəhbərliyi ilə keçirilən görüşlər bunun əyani sübutudur. Bu çox vacib məqamdır".

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya ilk rəsmi səfərinin yekunlarını qiymətləndirən Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov deyib.

O, son illər Rusiya ilə Azərbaycan arasında münasibətlərin daim yüksəlişdə olduğunu söyləyib: "İki ölkənin prezidentləri arasındakı şəxsi münasibətlər hər kəsə məlumdur. Rusiyada Mehriban Əliyevaya da böyük hörmət bəsləyirlər. Bizim ölkədə Mehriban Əliyeva həm Birinci vitse-prezident, həm də böyük ictimai-siyasi xadim kimi sevilir. O, Azərbaycan və Rusiya arasında nəhəng humanitar layihələrə imza atıb. Fikrimcə, Mehriban Əliyevanın bu səfərinin məqsədi həm də onun iki ölkə arasında həyata keçirdiyi humanitar layihələrə yeni təkan verməkdir. Bu səfərin əhəmiyyəti həm də iki ölkə rəhbərliyinin sistemli işinin nəticəsindən ibarətdir və iki ölkə arasında bütün sahələrdə münasibətlərin dərinləşdirilməsinə istiqamətlənib".

Rusiyalı siyasi ekspert Mehriban Əliyevanın X Rusiya-Azərbaycan Regionlararası Forumunda Azərbaycan nümayəndə heyətinə rəhbərlik etməsinin vacibliyini də vuğulayıb: "Uzun illərdir, fəaliyyət göstərən bu Forum Azərbaycanla Rusiya arasında yüzlərlə layihə həyata keçirib, hazırda da keçirməkdədir. Forumun özü çox uğurlu layihədir. İki ölkə arasında iqtisadi və humanitar sahədə nəhəng işlər görülür. Belə bir tədbirdə Mehriban xanımın iştirakı və nümayəndə heyətinə rəhbərlik etməsi rəsmi Bakının Moskva ilə təkcə iqtisadi deyil, həm də siyasi münasibətlərə nə qədər önəm verdiyinin göstəricisidir".

Rusiyalı politoloq Mehriban Əliyevanın Moskvaya rəsmi səfərinin geosiyasi əhəmiyyətindən də danışıb: "Bakı ilə Moskva münasibətlərini daha bir üst səviyyəyə qaldırmaq fikrindədir. Hesab edirəm ki, Mehriban Əliyevanın rəsmi səfərinin geosiyasi əhəmiyyəti məhz münasibətləri daha bir üst səviyyəyə qaldırmağa hesablanıb".

"Mehriban Əliyevanın rəsmi səfəri Azərbaycanın Rusiya üçün nə qədər əhəmiyyətli ölkə olduğunu göstərdi". Bunu isə APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, Rusiya Liberal Demokrat Partiyasından olan deputat Dmitri Savelyev bildirib.

"Rusiyada yaxşı anlayırlar ki, Azərbaycan Qafqazda ən etibarlı qardaş və tərəfdaş ölkədir. Mehriban Əliyevanın səfəri bu tezisi bir daha təsdiqlədi. Azərbaycanın Birinci vitse-prezidentinin Rusiya-Azərbyacan regionlararası forumunda iştirakı isə bu tədbirin çəkisini daha da qaldırdı. Bu onu göstərir ki, regionlararası forum artıq yeni səviyyəyə qalxıb. Foruma Azərbaycanın Birinci vitse-prezidentinin gəlməsi Rusiya üçün böyük fəxr və böyük məsuliyyət idi. Bütün bunlar Rusiya-Azərbaycan münasibətlərinin hansı səviyyəyə çatdığını nümayiş etdirdi", - deyə rusiyalı deputat vurğulayıb.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR