"Hazırda davam edən sülh prosesinin başlıca məqsədi Ermənistan tərəfindən başladılmış müharibənin nəticələrini aradan qaldırmaq, eyni zamanda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrində qeyd edildiyi kimi, işğalçı qüvvələrin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal qeyd-şərtsiz və tamamilə çıxması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpa edilməsi və məcburi köçkünlərin öz evlərinə və mülklərinə qayıtmasıdır".
APA-nın xəbərinə görə, bunu Azərbaycanın Xarici İşlər Naziri (XİN) Elmar Məmmədyarov BMT-nin Baş Assambleyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu məqsədə nail olmaq mütləqdir və güzəşt edilə bilməz.
Nazir bildirib ki, Azərbaycan münaqişənin tez bir zamanda siyasi yolla həll edilməsinə sadiq olaraq qalır: "Eyni zamanda danışıqlar həmişə davam edə bilməz. Beynəlxalq ictimaiyyəti və öz xalqını yanıltmağa vaxt sərf etmək yerinə, Ermənistan status kvonu saxlamaq cəhdlərinə son qoymalı və öz beynəlxalq öhdəliklərini yerinə yetirməlidir. Rəsmi Yerevan nə qədər tez öz dağıdıcı siyasi gündəminin perspektivlərinin çatışmazlığını anlasa, o qədər tez regionun bütün xalqları sülhdən, stabillikdən və əməkdaşlıqdan faydalana biləcək və Ermənistan öz təcavüzkar, düşmən siyasətinə görə hazırda üzləşdiyi ciddi siyasi, iqtisadi və sosial yükdən qurtula biləcək".