Bu gün Azərbaycan Respublikasında bələdiyyə seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Tamar Jvaniyanın rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.
MSK katibliyinin Media və ictimai əlaqələr şöbəsindən ONA-ya verilən məlumata görə, MSK sədri Məzahir Pənahov deyib ki, qurumlararası münasibətlər və qarşılıqlı təcrübə mübadiləsi seçki praktikasının və seçki sisteminin inkişafında mühüm rol oynayır.
Seçkilərin müşahidəsi üçün dəvətə və MSK-dakı səmimi qəbula görə təşəkkürünü bildirən Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri T.Jvaniya ölkəmizdə və Mərkəzi Seçki Komissiyasında olmaqdan şad olduğunu bildirib. Bələdiyyə seçkilərinə hazırlıqlardan danışan M.Pənahov bildirib ki, dekabrın 22-də Azərbaycan seçicilərinin azad və sərbəst şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə etmələri üçün hər cür şərait yaradılıb.
Görüşdə qurumlararası əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri və qarşılıqlı maraq kəsb edən məsələlərlə bağlı fikir mübadiləsi də aparılıb.
M. Pənahov bu gün ölkəmizdə bələdiyyə seçkilərinin müşahidəsində iştirak edəcək Ukrayna MSK sədri Oleq Didenko ilə də görüşüb. O. Didenko bildirib ki, Ukrayna MSK yeni tərkibdə ilk səfərini məhz Azərbaycana edib. Sonra O.Didenko bələdiyyə seçkilərinə son hazırlıq işlərinin gedişi ilə maraqlanıb. Həmkarının suallarını cavablandıran sədr M.Pənahov ölkə vətəndaşlarının aktiv və passiv seçki hüquqlarının yüksək səviyyədə təmin olunması üçün atılan addımlar barədə ətraflı məlumat verib.