"Zorakı ekstremizm cəmiyyətimizin əmin-amanlığını təhlükə altına qoyur".
ONA-nın məlumatına görə, bunu BMT Sivilizasiyalararası Alyansının Ali nümayəndəsi Migel Anhel Moratinos Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında keçirilən 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumun açılış mərasimində çıxışında deyib.
O, BMT Sivilizasiyalararası Alyansın Bakı Prosesinin tərəfdaşı olduğunu bildirib: "Forum 3 əsas prinsipi - dialoqun qorunması, fəaliyyət və ittifaqı təşviq edir. Bu konfrans vaxtında təşkil olunub. Bakıya Şri-Lankadan gəlirəm. Orada terrordan zərər çəkənlərlə öz həmrəyliyimi paylaşdım. Üç kilsə ekstremistlərin hücumuna məruz qalıb. Yeni Zelandiyada da məscidə hücum oldu. Müxtəlif münaqişələr hər zaman olub. Hazırda isə çox təhlükəli və fərqli yanaşma var. Biz nifrətin azalmasına çalışmalıyıq. Nifrət digərlərini məhv etməyə çalışmaqdır. Məsələ dində deyil, problem dinlə manipulyasiya edən insanlardır. Bu planetdə yaşayan bütün insanları, dini azadlıqları qorumalıyıq. Onlar sülh içində ibadət etmək haqqına malik olmalıdırlar. BMT Sivilizasiyalarası Alyans vasitəsi ilə sülhü təşviq edir. Biz danışıqları təbliğ etməliyik".
O bildirib ki, bu sahədə indiyə kimi tam uğur əldə olunmayıb: "Mədəniyyətlərarası dialoqa həsr olunmuş forum sülh ismarıcı verir. Biz illərdir, bir-birimizə dəstək göstəririk. Bakı BMT Sivilizasiyalararası Alyansının regional habına çevrilə bilər. Biz yeni alyanslar qurub birlikdə işləməliyik".