• SİYASƏT

    17:50 14 may 2019

Deputat: “Prezidentin Brüssel görüşləri milli maraqlarımızın təmin olunması istiqamətində mühüm addımdır”

“Prezident İlham Əliyevin Brüsseldə keçirdiyi görüşlər hazırkı mərhələdə milli maraqlarımızın təmin olunması, torpaqlarımızın işğaldan azad olunması istiqamətində atılan mühüm addımlar kimi qiymətləndirilməlidir”.

Bunu ONA-ya açıqlamasında millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

H.Babaoğlu deyib ki, Prezident İlham Əliyev mayın 13-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk və Belçika Kralı Filip ilə görüşüb. Dövlət başçısı hər iki görüşdə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məlumat verərək, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal olunduğunu, münaqişənin həllinin yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında və ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu diqqətə çatdırdı: “Söhbət zamanı ölkələrimiz arasında iqtisadi əməkdaşlıq məsələlərinə toxunuldu, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olundu və Prezident İlham Əliyevin Belçikaya səfərinin ikitərəfli münasibətlərin genişləndirilməsinə töhfə verəcəyi bildirildi. Bu görüşlər hazırkı mərhələdə milli maraqlarımızın təmin olunması, torpaqlarımızın işğaldan azad olunması istiqamətində atılan mühüm addımlar kimi qiymətləndirilməlidir. Ancaq milli maraqlarımızın təmin olunması üçün atılan bu addımlar anti-azərbaycançı mərkəzləri narahat edir və təəssüf ki, bəzən bizə qarşı öz vətəndaşlarımızdan istifadə edirlər. Özünü azərbaycanlı hesab edən heç bir kəs ermənipərəst mərkəzlərin belə ucuz oyunlarına alət olmamalıdır. Çünki Azərbaycan Prezidentinin səfəri zamanı təşkil edilən bu cür aksiyalar Azərbaycan hakimiyyətinə qarşı deyil, Azərbaycan dövlətinə, milli maraqlarımıza qarşıdır. Belə mövqe Azərbaycanın milli davasına, milli maraqlarımıza, Azərbaycan xalqının məqsədlərinə xəyanətdir. Ermənilər müxtəlif vasitələrə əl atmaqla Azərbaycanı öz ərazi bütövlüyünü bərpaetmə məqsədlərindən yayındırmağa çalışırlar. Şübhəsiz ki, Azərbaycan diplomatik münasibətlərdən, öz beynəlxalq nüfuzundan istifadə edərək, ermənilərin törədə biləcəyi təxribatların qarşısını alır. Ancaq təəssüf ki, vətəndaşlıq məsuliyyəti və milli təəssübkeşliyi lazımi səviyyədə olmayan bəzi şəxslər ermənilərin əlində alətə çevrilməklə belə aksiyalar keçirməyə cəhd edirlər. Bu yolverilməzdir, milli davamıza, Qarabağ davamıza xəyanətdir. Bu cür insanların azərbaycanlı adına iddia etməyə mənəvi haqları yoxdur. Biz torpaqlarımızı yalnız milli birlik və ümummilli mücadilə nəticəsində azad edə bilərik. Hamımız birdəfəlik bu həqiqəti bilməli və milli maraqlarımıza qarşı hər hansı bir addım atmamalıyıq”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR