“Prezident İlham Əliyev bir neçə ay bundan öncə keçmişdəki xidmətlərinə dayanaraq özlərini ərköyün aparanlara xəbərdarlıq edərək bildirmişdi ki, qanun qarşısında hamının eyni olduğunu unutmasınlar. Prezident onu da vurğulamışdı ki, dövlət həmin adamların xidmətini artıqlamasıyla qiymətləndirib. Hər kəs bilir ki, bu, belədir”.
Bunu APA-ya açıqlamasında millət vəkili Sahib Alıyev deyib.
O bildirib ki, ulu öndər Heydər Əliyev də, Prezident İlham Əliyev də dövlətimiz üçün kiçicik xidmət göstərmiş adamların fəaliyyətini haqq etdiyindən də qat-qat artıq qiymətləndiriblər: “Fəaliyyəti ən yüksək qiymətləndirilənlərdən biri də akademik Ramiz Mehdiyevdir. Açığı, mən Ramiz Mehdiyev kimi təcrübəli bir adamın karantin rejiminin tələblərini kobudcasına pozaraq nəvəsinə toy edilməsinə razılıq verib, özünün də onlarla adamın qatıldığı o məclisin başında oturmasının nədən irəli gəldiyini anlamağa çətinlik çəkirəm, heç anlamaq da istəmirəm.
Yüzlərlə, bəlkə də minlərlə soydaşımız nə qədər çətin olsa da, məhz karantin səbəbindən toylarını təxirə saldıqları halda kimlərsə onlarla adamı bir yerə toplayıb məclis keçirirsə, bu, dövlətə qarşı narazılıq yaratmaq məqsədiylə edilmiş təxribat deyilsə, onda harınlıqdan qaynaqlanır. Çünki burada nadanlıqdan söz gedə bilməz. Ümid edirəm ki, o toyu keçirənlər də, oradakı digər vəzifəli şəxslər də qanun qarşısında cavab verəcəklər”.
Deputat vurğulayıb ki, dövlətin adamı, yəni dövlət görəvlisi olmaqla, dövlət adamı olmaq fərqli anlayışlardır:
“Dövlət adamının, dövlət görəvlisi olmadıqda və yaxud da əvvəlki kimi mühüm postu tutmadıqda belə hər addımında yüksək dövlətçilik tərbiyəsi sezilir. Digərlərindən də, özünü qanundan üstün tutmasıyla deyil, əksinə ona dəqiq əməl etməsi, sadə və təvazökar davranışlarlyla fərqlənir”.