• SİYASƏT

    15:11 13 noyabr 2020

Milli Məclis Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət edib

Milli Məclisin bu gün keçirilən iclasında Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət edib.

APA-nın məlumatına görə, müraciətdə deyilir ki, son 100 ildən artıq dövrdə Azərbaycan xalqı erməni şovinist qüvvələrin etnik təmizləmə və işğalçılıq siyasətinin qurbanı olub. Çar Rusiyasının süqutunun ardınca keçmiş İrəvan xanlığının ərazisində erməni dövləti, 1923-cü ildə isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində muxtar vilayət yaradılıb.

1948-1953-cü illərdə zorakı deportasiyalar nəticəsində azərbaycanlılar Ermənistandan qovulub, onların əmlakı talan olunub.

1992-93-cü illərdə isə Dağlıq Qarabağ və ətraf 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Azərbaycanın işğal edilmiş bölgələrindən 1 milyona qədər insan qaçqın və məcburi köçkün salınıb. Ermənilər azərbaycanlılara qarşı amansız soyqırımı aktları törədilib.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrdə, BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62243 nömrəli qətnamədə Azərbaycanın ərazi bütövlüyü tanınıb, erməni silahlı birləşmələrinin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxması tələbi əksini tapıb. Müxtəlif beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrdə də Ermənistanın işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxması təsbitini tapıb. ATƏT-in Minsk Qrupu həmsədrləri də dəfələrlə bəyan edib ki, starus-kvo qəbuledilməzdir. Ümumiyyətlə, uzun illər davam edən sülh danışıqlarından Azərbaycan tərəfi təmkinlə iştirak edib. Təəssüf ki, münaqişənin həll edilməsi üçün göstərilən beynəlxalq səylər heç bir nəticə verməyib. Bu ölkə xarici qüvvələrin dəstəyindən istifadə edərək işğalı davam etdirməyə səy göstərib.

2018-ci ildə Ermənistanda baş verən inqilabdan sonra Azərbaycana qarşı təxribatlar daha müntəzəm xarakter alıb. Oyuncaq Dağlıq Qarabağ qurumunun “parlamentinin” Şuşaya köçürülməsi, işğal edilmiş ərazilərə yol çəkilməsi, Ermənistan Baş nazirinin “Qarabağ Ermənistandır. Nöqtə” bəyanatı qəbuledilməzdir. Bunlara qarşı Minsk Qrupu həmsədrləri tərəfindən heç bir münasibət bildirilməməsi işğalçının daha da əl-qol açmasına şərait yaradıb. 2020-ci ilin iyul ayında erməni tərəfi iriçaplı texnikalardan istifadə edərək Azərbaycana qarşı təxribatlar törədib. 2020-ci il avqustun 23-də Ermənistan Qilahlı Qüvvələrinin diversiya qrupları Goranboyda təxribata cəhd göstərib. Ermənistan rəhbərliyi 2020-ci il sentyabrın 27-də isə növbəti təxribata əl atıb.

Bu təxribata cavab olaraq ordumuz əks-həmlə əməliyyatına başlayıb. Düşmənin uzun illər ərzində qurduğu istehkamlar ordumuz tərəfindən darmadağın edilib.

Möhtərəm İlham Əliyevin böyük sərkərdəlik məharəti ilə idarə etdiyi zəfər yürüşü qələbə ilə başa çatıb. 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistan Baş nazirinin imzaladığı bəyanat Cənubi Qafqazda münaqişəyə son qoyub, Cənubi Qafqazda yeni inkişafa yol açıb. Bəyanata əsasən, tərəflərin razılığı əsasında Naxçıvan MR ilə Azərbaycanın qərb rayonlarını birləşdirən nəqliyyat təmin ediləcək. Tarixi ədalət öz yerini tutur. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edilir. Buna görə sizə sonsuz təşəkkürümüzü bildiririk, cənab Prezident! Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə öz inamı ilə kömək, dəstək etmiş əziz xalqımızı böyük qələbə münasibətilə təbrik edirik. Dağlıq Qarabağ probleminin həlli ilə Azərbaycan Respublikası inkişaf edərək regionda qlobal güc mərkəzlərindən birinə çevriləcək. Eşq Olsun Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə! Eşq Olsun Azərbaycan Ordusuna! Yaşasın Qarabağ! Qarabağ Azərbaycandır”.

Müraciət səsə qoyularaq qəbul edilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR