• SİYASƏT

    11:54 30 sentyabr 2021

Milli Məclis sədri: "İran parlamentini Xocalı soyqırımını tanımağa çağırdım"

“Milli Məclisin beynəlxalq fəaliyyəti sessiya dövründə və sessiyadan sonra da davam etdirilib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, Milli Məclisin beynəlxalq əlaqələri ilə bağlı ən böyük hadisə Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin Azərbaycana səfəri olub: “Artıq 3 dost və qardaş ölkənin yeni parlament əlaqələrinin əsası qoyulub. Mən əminəm ki, Azərbaycan, Türkiyə və Pakistan arasında strateji əməkdaşlıq qarşıdakı illərdə daha da genişlənəcək və dərinləşəcək. Bütün görüşlərdə 44 günlük Vətən müharibəsi ilə bağlı məlumatlar verilib. Azərbaycanın BMT Təhlükəsiz Şurasının qətnamələrini öz gücü ilə təmin etməsi barədə məlumatlar görüşdüyümüz rəsmi şəxslərin və nümayəndə heyətlərinin diqqətinə çatdırılıb. Bu gün də Ermənistanın müharibə cinayətlərinə rast gəlinməsi ilə bağlı AŞPA-da keçirilən görüşlərdə məlumat verdim. Hazırlanan hesabatın həqiqətləri əks etdirməsinin vacibliyini qeyd etdim. Avqustun 6-da İranda rəsmi səfərdə oldum. Səfər çərçivəsində keçirdiyimiz görüşlərdə Azərbaycanın öz torpaqlarını azad etdikdən sonra İranla dövlət sərhədimizin tam nəzarətə götürülməsini diqqətə çatdırdım. Görüşdə İran parlamentini Xocalı soyqırımını tanımağa çağırdım. Avstriyada işgüzar səfər çərçivəsində iştirak etdiyim konfransda Ermənistan Parlamentinin sədrinin əsassız iddialarına cavab verdim”.

S. Qafarova qeyd edib ki, gələn il Xocalı soyqırımının 30 illiyinin qeyd olunacağı ilə bağlı məsələni keçirdiyi bütün görüşlərdə qaldırıb: “Bütün parlamentlərdən bu qanlı faciəyə münasibət bildirməsini xahiş etmişik”.

Qeyd edək ki, Milli Məclisin payız sessiyasının ilk plenar iclası başlayıb.

İclasda Birinci və İkinci Qarabağ müharibəsində, həmçinin Vətən və xalq yolunda canından keçmiş digər şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR