Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin APA-ya müsahibəsi
- Mülki Prosessual Məcəlləyə dəyişikliklərlə əlaqədar Vəkillər Kollegiyası, o cümlədən 500 manata qədər cərimələnmə barədə təklifə sərt reaksiya verən vəkillərlə konsensusa gəlindiyini demək olarmı?
- Vəkillər Kollegiyasının sədri 174.5-ci maddənin dispozisiyasının təkmilləşdirilməsi ilə bağlı təklif verdi və həmin təklif iclasdan sonra qanunvericilik təşəbbüsü subyektinin nümayəndəsi ilə razılaşdırıldıqdan sonra həmin maddənin dispozisiyası təkmilləşdirildi. Vəkillər Kollegiyasının təklifi o olmuşdu ki, həmin maddənin dispozisiyasında yalnız “tərəf” sözü olmasın, çünki burada maraqlı şəxslər var, üçüncü şəxslər, hətta dövlət orqanları var. Eyni zamanda açıq-aşkar əsassız vəsatət və şikayətlər verən sözlərindən əvvəl “dəfələrlə” sözü də əlavə edildi. Beləliklə aydın olur ki, burada məqsəd vəkilləri cərimələmək deyil, işə vaxtında baxılmasına mane olan istənilən proses iştirakçısını belə hərəkətlərdən çəkindirməkdir.
- Müzakirələrdən sonra yekunda Mülki Prosessual Məcəlləyə dəyişikliklərdə 500 manat həddinin azalması nə dərəcədə gözləniləndir?
- Bu, iclasda da geniş müzakirə olundu. Bu məbləğ 500 manat deyil, 500 manatadək olan məbləğdir, yəni cərimənin yalnız yuxarı həddi müəyyən edilib və məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən ediləcək. “Ağlabatan” ifadəsi artıq illərdir milli qanunvericilikdə tətbiq olunur.
- Məhkəmədə vəkil tərəfindən əsassız vəsatət verilməsi, məhkəmə prosesinin süni surətdə uzadılmasının qarşısını cərimə deyil, digər formalarda almaq mümkün deyilmi?
- Qüvvədə olan Mülki Prosessual Məcəllədə hazırda da məhkəmə prosesini süni olaraq yubatmaq məqsədilə verilmiş iddialara və digər hərəkətlərə görə cərimələr nəzərdə tutulur. (maddələr 21.5, 120). Bir çox dövlətin prosessual qanunvericiliyində də belə halların qarşısının alınması üçün cərimələr nəzərdə tutulub. Yəni beynəlxalq təcrübə öyrənilib.
- 500 manata qədər cərimə həddi hansı norma və prinsipə əsasən müəyyənləşdirilib?
- Öncəki suala da cavabda da qeyd edildiyi kimi, Mülki Prosessual Məcəllədə hazırda da məhkəmə prosesini süni olaraq yubatmaq məqsədilə verilmiş iddialara və digər hərəkətlərə görə cərimələr nəzərdə tutulur. (maddələr 21.5, 120). Məsələn 120-ci maddəyə uyğun olaraq məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə ağlabatan miqdarda məbləğ tuta bilər. 174.5-ci maddədə isə cərimənin yuxarı həddinin müəyyən edilməsi hesab edirəm daha mütərəqqi normadır.
- "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklərlə məhkəmə ilə bağlı rüsumlar artırılması nə üçün vacib sayılıb? Bu rüsumları ödəyə bilmədiyi üçün müəyyən kateqoriya insanların məhkəməyə üz tutmaq imkanlarının aradan qalxacağını gözləmirsinizmi?
- Rüsumlar artırılmayıb, iddianın qiymətinə uyğun diferensasiyalaşdırılıb. Belə ki, hazırda 500 manata qədər olan iddialarda rüsum 20, 500 manatdan yuxarı olan iddialarda isə 30 manatdır. Tutaq ki, 500 manat iddia üçün də 30 manat, 100 000 manat iddialar üçün də 30 manatdır. Təklif edilən dəyişiklikdə isə 1000 manata qədər olan iddialar üçün 30 manat, 1000 manatdan 10000 manatadək iddialarda 30 manat + 1 000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi qaydasında hesablanacaq ki, bu daha rasional yanaşmadır.
- Nə üçün məhkəmə aparatı dövlət rüsumları hesabına saxlanılmalıdır? Niyə dövlət rüsumlarının artırılması məhz bu arqumentlə əsaslandırılmağa çalışılır?
- Xeyr, dövlət rüsumlarının artırılması bu arqumentlə əsaslandırılmır. Əvvəl də qeyd olundu ki, rüsumlar artırılmır, sadəcə, diferensasiyalaşdırılır. Məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması tapşırığı Azərbaycan Respublikasının Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanının həm preambulasında həm də həmin fərmanın 3.6-cı bəndində verilib. 3.6-cı bənddə məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun müəyyən hissəsinin məhkəmə aparatları işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilməsi qeyd edilib. Və həmin məsələnin “Dövlət rüsumu haqqında" qanun layihəsində digər məsələ ilə birlikdə təqdim edilməsi onların bir-biri ilə əlaqədar olması demək deyil, sadəcə normayaratma texnikası baxımından iki ayrı-ayrı layihələrin hazırlanması məqsədəmüvafiq hesab olunmur. Layihədən görünür ki, orada həm də özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün şəhadətnamənin verilməsi üçün dövlət rüsumu da müəyyən edilir.
- Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri kimi necə düşünürsünüz, məhkəmə-hüquq sistemində aparılan və cəmiyyətdə də rəğbətlə qarşılanan islahatlar fonunda vəkillərin və tərəflərin cərimələnməsi, dövlət rüsumlarının artırılması kimi birmənalı qarşılanmayan dəyişikliklərin gündəmə gəlməsi nə dərəcədə məqsədəuyğundur? Bu mübahisələr fonunda Mülki Prosessual Məcəlləyə son dəyişikliklərdə bir sıra yeni institutların yaradılmasının nəzərdə tutulması belə faktiki kölgədə qalıb.
- Bir daha qeyd edilməlidir ki, təklif edilən dəyişikliklər mülki işlər və kommersiya mübahisələr üzrə məhkəmə icraatının effektivliyinin artırılması, işlərin məhkəmələrdə daha sürətli və səmərəli həllinin təmin edilməsi məqsədi daşıyır. Bundan irəli gələrək mülki prosessual qanunvericiliyi kompleks şəkildə təhlil edib, bu sahədə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla onun təkmilləşdirilməsi barədə təkliflər hazırlanıb və bu gün həmin təklifləri ehtiva edən qanun layihəsi Milli Məclisdə müzakirə olunur. 174.5-ci maddə də həmçinin işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə yönələn bir istiqamətdir və əslində, işdə iştirak edən şəxsləri açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verməklə işin uzadılmasına mane olan qarşı tərəfdən qorumaq xarakteri daşıyır.