“Cənab Prezidentin siyasətinin bünövrəsinə dayanan istiqamətlər üzrə həyata keçirdiyi islahatların bu gün nəticəsini görməkdəyik. Dünyada gedən iqtisadi böhranın və onun Azərbaycana keçən təsirindən qısa müddət ərzində proseslərin müsbətə doğru dəyişəcəyini ancaq arzulamaq olardı”.
Bu sözləri ONA-ya açıqlamasında Milli Məclisin sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova deyib.
Vitse-spiker qeyd edib ki, bu gün Azərbaycan Prezidentinin və iqtidarının həyata keçirdiyi siyasət öz bəhrəsini verməkdədir: “Cənab prezidentin dediyi kimi, 2017-ci il sabitləşmə, 2018-ci il dərin islahatlar ili kimi yadda qalıb. 2019-cu ilin əvvəlindən başlayaraq isə bu sabitləşmənin və islahatların insanların həyatında ciddi şəkildə hiss olunan nəticələri ilə yadda qalır. İstənilən ölkədə hakimiyyətin həyata keçirdiyi siyasətin mərkəzində insanların maraqları dayanmalıdır. Bu gün cənab Prezidentin həyata keçirdiyi siyasətin məqsədi həm insanlara xidmət etməkdir, həm də bu siyasətin mərkəzi Azərbaycan vətəndaşlarıdır”.
Bahar Muradova bildirib ki, bu gün ən müxtəlif həssas qrupların nümayəndələri dövlətin qayğısını və diqqətini öz üzərində daha geniş hiss edir: “İnsanları uzun illərdir ki, narahat edən məsələlər qısa müddət ərzində aradan qaldırılır. Bu proseslər Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin dəstəyi və müsbət münasibətilə müşayiət olunur. Əsas da budur”.