• SİYASƏT

    13:21 5 noyabr 2021

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edib

Milli Məclis 8 noyabr - Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edib.

APA-nın məlumatına görə, 8 noyabr - Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatını deputat Cavid Osmanov oxuyub.

Bəyanat müzakirəyə çıxarılaraq qəbul edilib.

Bəyanatda deyilir: “44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulub, erməni şovinizminə sarsıdıcı zərbə endirilib. Xalqımızın tarixi, taleyi ilə bağlı son dərəcə mühüm məsələ həll edilib. Çar Rusiyası bölgənin etnik mənzərəsini dəyişdirmək üçün XIX əsr boyu İrandan və Türkiyədən erməniləri bölgəmizə köçürüb. Bu ermənilərin dini ekpansiyasına da rəvac verib.

Erməni vəhşiliyindən sağ qurtara bilən 10 minlərlə azərbaycanlı doğman yurd-yuvasını tərk etməyə məcbur olub.

Ermənistan ərazisindən, Azərbaycanın işğal edilmiş ərazisindən 1 milyona yaxın azərbaycanlı qovulub. XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı törədilib. Ermənistan və Azərbaycan arasında cəbhə xəttində atəşkəs elan olunduqdan sonra Ermənistan rəhbərliyinin bütün səyləri işğal nəticələrinin möhkəmləndirilməsinə nail olmaq olub. BMT-nin qəbul etdiyi 4 qətnaməyə, eləcə də BMT baş Məclisinin qəbul etdiyi qətnamələrə, İƏT və digər beynəlxalq təşkilatların müxtəlif illərdə qəbul etdikləri qətnamələrə etinasızlıq göstərilib. 2016-cı ilin aprel ayında, 2020-ci ildə cəbhədə təxribatlara cəhd ediblər. Ermənistan rəsmiləri öz bəyanatları ilə sübut edib ki, onlar sülhə hazırlaşmır, əksinə Azərbaycanın daha çox torpağını işğal etmək niyyətindədirlər.

Azərbaycan dövlətinin rəhbərliyi 10 illiklər boyu bəyan edib ki, Azərbaycan öz torpaqlarının quldurcasına zəbt edilməsinə, qoparılmasına razı ola bilməz. Bütün hallarda ərazi bütövlüyünün bərpasına nail olacaq.

2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanat 30 ildən artıq davam edən münaqişəyə son qoyub. Müasir dövrün tələbləri səviyyəsində qurulmuş sosial-inkişaf strategiyası Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə çevirib.
Erməni şovinistlərinin işğalçılıq siyasətinin qarşısının alınması ilə əlaqədar tarixi missiya yerinə yetirilib. 8 noyabr zəfəri Ali Baş komandanın sərkərdəlik qabiliyyətini, Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığının təntənəsi olub.

Azərbaycanın 30 ildən artıq işğal altında olan torpaqlarının azad edilməsi xalqımızı qalib xalqa çevirib. Azərbaycanın Milli Məclisi əmin olduğunu bildirir ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm zəfəri təkcə bizim ölkəmizin deyil, bütövlükdə Cənubi Qafqazın inkişafı üçün real imkanlar yaradıb”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR