• SİYASƏT

    17:29 21 may 2019

Mingəçevirdə “Avropa günləri” keçirilir

Şərq Tərəfdaşlığı proqramının 10 illik yubileyi münasibətilə Mingəçevirdə “Avropa günləri”nin növbəti mərhələsi keçirilir.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, tədbirlərlə əlaqədar Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbərliyi və əməkdaşları, eləcə də İttifaqa üzv olan dövlətlərin Azərbaycandakı diplomatik korpus nümayəndələri, media nümayəndələri Mingəçevirə səfər ediblər.

“Avropa günləri”nin əsas məqsədi Avropa İttifaqının (Aİ) fəaliyyəti barədə maarifləndirmə səviyyəsini artırmaq ,Azərbaycanda həyata keçirilən və Aİ tərəfindən maliyyələşdirilən layihələrlə yaxından tanışlıqdır. Tədbir zamanı indiyədək bölgədə uğurla gerçəkləşdirilən 14 layihə barədə məlumatların çatdırılması və onların nəticələri ilə tanışlıq nəzərdə tutulur.

Səfərin ilk günü qonaqlar Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tərəfindən qəbul edilib. İ. İsmayılov və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas arasında məlumat xarakterli dialoq qurulub, səfərin məqsəd və hədəfləri açıqlanıb.

Daha sonra Mingəçevirin səhiyyə müəssisələrində gerçəkləşdirilən icbari tibbi sığorta layihəsinin gedişatı ilə tanışlıq olub. Xəstəxananın yeni müasir xidmət sahələrinə, laboratoriya və şöbələrinə baxış keçirilib.

Ardınca tədbir iştirakçıları Səməd Vurğun meydanında təşkil olunan növbəti tanıtım mərasiminə qatılıblar. Daha sonra “Avropa günləri” “Meridian” rok qrupu tərəfindən nümayiş olunan konsert proqramı ilə davam etdirilib.

Mingəçevirdə keçirilən "Avropa günləri" sabah başa çatır.

Ehtiram

Teqlər:

SON XƏBƏRLƏR