• SİYASƏT

    12:02 20 iyun 2019

MM sədri: “Münaqişələr əməkdaşlıq imkanlarını məhdudlaşdırır”

“26 il öncə yaranmış Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası Qara Dəniz bölgəsinin əmin-amanlıq və çiçəklənmə zonasına çevrilməsi məqsədilə müxtəlif təşəbbüslər irəli sürülməsi və həyata keçirilməsi baxımndan çox böyük potensiala malik olduğunu sübut edib”.

ONA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin sədri Oqtay Əsədov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin 53-cü Baş Assambleyasında bildirib.

O. Əsədov deyib ki, QDİƏT Parlament Məclisinin 53-cü Baş Assambleyasının 7 il sonra yenidən Bakıda keçirilməsinin və Qara Dəniz bölgəsində enerji məsələlərinə həsr olunmasının rəmzi mənası var: “Bu 7 ildə Azərbaycanın yaxından iştirakı ilə həyata keçirilən nəhəng nəqliyyat və enerji layihələrinin köməyi ilə bölgənin iqtisadi mənzərənin dəyişdirilməsində mühüm bir dövr təşkil edib. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum və TANAP qaz kəmərləri, digər transmilli layihələr nəinki bölgəmizin, həm də Avropa qitəsinin iqtisadi xəritəsinin formalaşdırılmasında mühüm rol oynayır, onun enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verir. Bu layihələr arasında 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yol xəttinin reallaşdırılmasının və eləcə də TAP qaz kəmərinin əhəmiyyəti xüsusi qeyd edilməlidir. Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və onun Parlament Məclisi çərçivəsində tərəfdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir”.

Spiker təəssüflə deyib ki, regionun bir neçə dövlətinin ərazisində mövcud olan silahlı münaqişələr bölgədə əməkdaşlıq imkanlarını ciddi şəkildə məhdudlaşdırır: “Azərbaycan 25 ildən artıqdır, Ermənistanın silahlı təcavüzündən və işğalından əziyyət çəkir. Biz əminik ki, bu münaqişələr beynəlxalq hüququn prinsipi və normaları, xüsusən dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında tezliklə həllini tapacaq”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR