• SİYASƏT

    18:47 18 aprel 2019

Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə “Qanın milliyyəti yoxdur” adlı xeyriyyə aksiyası keçirilib

Rusiya paytaxtında Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə növbəti dəfə “Qanın milliyyəti yoxdur” adlı xeyriyyə aksiyası keçirilib.

ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, aksiya Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) təşkilatçılığı və İ.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin dəstəyi ilə Rusiya Federasiyasının əsas qanköçürmə mərkəzi olan İ.M. Seçenov adına Moskva Tibb Akademiyasının kilinik transfuziologiya və hematologiya kafedrasında baş tutub.

AMOR tərəfindən həyata keçirilən builki aksiyada azərbaycanlı tələbələrlə yanaşı, rusiyalı tələbələr də iştirak ediblər.

AMOR İdarə Heyətinin üzvü, tibb elmləri namizədi Samir Əliyev Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Qanın milliyyəti yoxdur” adlı aksiyanın bu il 10 ilinin tamam olduğunu deyib: “Aksiya da məhz bu yubileyə həsr olunub. Donorlar qana ehtiyacı olanlara yardım edib, xeyriyyə işi görür, həm də öz sağlamlıqları barədə məlumat əldə edirlər”.
Birinci Moskva Dövlət Tibb Universitetinin Qan Mərkəzinin rəhbəri, tibbi elmləri doktoru, professor Əliheydər Rəhimov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən bu aksiyanın artıq ənənə halını aldığını vurğulayıb: "İl ərzində AMOR tərəfindən bir neçə dəfə qanvermə aksiyaları təşkil olunur. Bu xeyriyyəçilik aksiyasının təşkilinə görə Qan Mərkəzi adından Leyla Əliyevaya təşəkkürümü bildirmək istəyirəm".

Qeyd edək ki, "Qanın milliyyəti yoxdur" aksiyası təkcə Moskvada deyil, Rusiyanın başqa regionlarında da təşkil edilir. Hər il bu aksiyada minlərlə gənc iştirak edir.

Fərid Əkbərov

Kəmalə

Teqlər:

SON XƏBƏRLƏR