Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib.
ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN-in Qəbullar Evində keçirilən iclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edib. İclas əvvəlcə məhdud tərkibdə baş tutub. Görüşdə beynəlxalq gündəmdə olan aktual məsələlər və birlik çərçivəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
Daha sonra görüş geniş tərkibdə davam edib. MDB ölkələri XİN başçıları gündəlikdə olan 10 məsələni müzakirəyə çıxarıblar. Bundan başqa nazirlər İkinci dünya müharibəsinin başlanmasının 80-ci ildönümü ilə bağlı MDB dövlət başçılarının bəyanat layihəsini və birlik ölkələri XİN-ləri arasında əməkdaşlığın aktivləşdirilməsi məsələsi müzakirə ediblər.
Həmçinin nazirlər Böyük Vətən müharibəsi abidələrinin qorunub saxlanılmasının vacibliyinə dair müraciət imzalayıblar.
İclasda birlik ölkələri arasında mədəniyyət, təhsil və cinayətkarlıqla mübarizəyə dair əməkdaşlığın dərinləşməsi haqqında sənədlər imzalanıb.