Moskvada Müstəqil Dövlətlər Birliyi Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilir.
ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN-in Qəbullar Evində keçirilən iclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir. Hazırda nazirlər məhdud formatda görüş keçirlər. Daha sonra görüş geniş tərkibdə davam edəcək.
MDB ölkələri XİN başçılarının sammitində gündəliyə 10 məsələ çıxarılıb. Görüşdə beynəlxalq gündəmdə olan aktual məsələlər və təşkilat çərçivəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılacaq.
Bundan başqa nazirlər İkinci dünya müharibəsinin başlanmasının 80-ci ildönümü ilə bağlı MDB dövlət başçılarının bəyanat layihəsini və birlik ölkələri xarici siyasət idarələri arasında əməkdaşlığın aktivləşdirilməsi məsələsi müzakirə edəcəklər.
Nümayəndə heyətləri ilə birgə keçirilən geniş formatda görüşdə isə Böyük Vətən müharibəsi abidələrinin qorunub saxlanılmasının vacibliyinə dair məsələyə baxılacaq.