• SİYASƏT

    04:16 7 may 2019

Moskvada ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan tədbir keçirilib

Rusiya paytaxtında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan tədbir keçirilib.

ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Rusiyadakı səfirliyində təşkil olunan tədbirdə Rusiya Dövlət Dumasının deputatları, xarici ölkələrin səfirləri, hərbi attaşelər, Azərbaycan və Rusiyanın tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə çap olunan Azərbaycan və Rusiya filosoflarının birgə qələmə aldığı "Mədəniyyətlər dialoqu və müasir dövrün çağırışları" adlı kitabın təqdimat mərasimi də keçirilib. Kitab Bakıda və Moskvada keçirilən "Əliyev qiraətləri" konfranslarının materialları əsasında hazırlanıb.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu səfirlik binasında bugünkü tədbirin keçirilməsinin xüsusi anlam daşıdığını söyləyib: "Bu binanın Heydər Əliyevlə bağlı xüsusi xatirəsi var. Məhz 1990-cı ilin yanvarında faciə baş verəndə Heydər Əliyev bu binaya gələrək həmin hadisəyə siyasi qiymət verib. Sovetlər İttifaqındakı ovaxtkı şərtləri nəzərə alsaq, ölkə rəhbərliyinin ünvanına açıq fikirlərini söyləmək üçün böyük kişilik, əyilməz iradə lazım idi. Fikrimcə, əgər o vaxtları onunla ədalətsizcəsinə davranmasaydılar, ola bilsin ki, Sovetlər İttifaqının taleyi başqa cür olardı. Lakin olan olub, keçən keçib. Bu gün biz burada Heydər Əliyevin anadan olmasının 96 illiyini qeyd edirik. Bundan əlavə, dahi şəxsiyyətin xatirəsinə həsr olunan kitabın yaranmasını da qeyd edirik".

Diplomat Heydər Əliyevin Sovetlər Azərbaycanına rəhbərlik etdiyi dövrdən danışıb. Dahi şəxsiyyətin müasir Azərbaycanın banisi olduğunu söyləyən səfir onun rəhbərlik etdiyi hakimiyyətdə 10 il mədəniyyət naziri vəzifəsində çalışdığını xatırladıb: "Heydər Əliyev mədəniyyəti çox sevirdi. Onuna birgə çalışdığım dövrlə qürur duyuram. Heydər Əliyev haqqında xatirələrimə belə başlıq qoyardım - "Dünyanın heç bir universitetində verilməyən diplom. 10 il Heydər Əliyevlə". Həqiqətən də bu, çox böyük məktəb, həyat məktəbi idi. Heydər Əliyev məktəbini keçərək mən artıq 13-cü ildir ki, Azərbaycan Respublikasının Rusiyadakı səfiriyəm".

Daha sonra "Mədəniyyətlər dialoqu və müasir dövrün çağırışları" adlı kitabın məsul redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə çıxış edib. O bu il Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etməsindən 50 il keçdiyini söyləyib: "Heydər Əliyev fenomeninin nə olduğunu, onun Azərbaycan və Rusiya üçün hansı rolu oynadığını düşünmək üçün 50 il çox yaxşı vaxtdır".

İ.Məmmədzadə "Əliyev qiraətləri" seriyasından olan kitabların yaranma tarixindən danışıb: "2009-cu ildə Heydər Əliyevin yubileyinə həsr olunan konfransın keçirilməsi haqqında qərar qəbul olunmuşdu. Konfrans Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda keçdi. Qərara alındı ki, Azərbaycan və Rusiyadan olan filosoflar iki ildən bir Moskva və Bakıda toplaşacaq, Heydər Əliyev irsinə həsr olunan kitab və məqalələrimizi nəşr edəcəyik. Niyə Heydər Əliyev? Fikrimcə, azərbaycanlılar üçün bu anlaşılandır. Rusiyalı filosoflar üçün də bu anlaşılandır. Ona görə ki, hər kəs onun Sovetlər dönəmində Moskvada çalışdığını bilir. Heydər Əliyev Rusiya mədəniyyəti üçün ciddi keçmişi olan adam idi. Bizim "Əliyev qiraətləri" seriyasından olan dörd kitabda təkcə Heydər Əliyev haqqında deyil, həm də onun irsinin bu gün davam etməsi haqqında danışılır. Bu, mədəniyyətlər dialoqudur. Mədəniyyətlər dialoqunun əsas tərkib hissəsi ziyalıların, filosofların bir-birinə qarşı münasibətləri, mürəkkəb dövrlərdə ortaq dil tapa bilmək bacarığı, qlobalizasiya kimi mədəniyyətləri inkar edən bir dövr şəraitində mədəniyyətlər problemi üzərində birgə əməkdaşlıq bacarığı təşkil edir".

Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr komitəsinin sədri Leonid Slutski isə çıxışında "Mədəniyyətlər dialoqu və müasir dövrün çağırışları" kitabının işıq üzü görməsini Rusiya və Azərbaycan mədəniyyətləri üçün görkəmli hadisə adlandırıb. Parlamentari Azərbaycan rəhbərliyi, elm cəmiyyəti, mədəniyyət xadimləri və ziyalılar tərəfindən mədəniyyətlər dialoqunun fəal şəkildə aparıldığını qeyd edib: "Həqiqətən də əsl mədəniyyətlər dialoqu bizi yenidən müasir Azərbyacan dövlətinin banisinə qaytarır. Bu gün Rusiya və Azərbaycan postsovet məkanında fərqli mədəniyyətlərin, fərqli dini konfessiyaların olduğu tolerant dövlətlərdir. Heydər Əliyevin obrazı gələcəyə istiqamətlənib. Onun təcrübəsini, həyat yolunu öyrənərək gələcəkdə necə hərəkət etməyini, insanlarla necə münasibət qurmağını, həyata necə baxmağını daha yaxşı anlayırsan".

Daha sonra tədbirdə, tanınmış kinorejissor Yuli Qusman, "Biblio-Qlobus" Kitab Evinin prezidenti Boris Yesenkin, Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru Aleksandr Çumakov və digərləri çıxış ediblər. Natiqlər çıxışlarında Heydər Əliyevin təkcə Azərbaycan və azərbaycanlılar üçün deyil, ümumilikdə bəşəriyyət üçün önəmli tarixi şəxsiyyət olduğunu vurğulayıblar.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR