• SİYASƏT

    18:19 18 fevral 2020

MSK 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsində 3, 79 saylı İmişli Seçki Dairəsində 5 məntəqədə səsvermə nəticələrini ləğv edib

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən namizədliyi qeydə alınan Fikrət Cəfərli və Vəlican Rəcəbovun müraciətinə baxılıb.

APA-nın məlumatına görə, MSK üzvü İlkin Şahbazov bildirib ki, araşdırma 3 istiqamətdə aparılıb: “Araşdırma zamanı 4, 8 və 9 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin seçicilərin iradəsini əks etdirməyən pozuntular aşkar edilib. Həmin məntəqələrdə səsvermənin nəticələri etibarsız hesab edilib”.

İ. Şahbzaov xatırladıb ki, həmin məntəqələrdən birində seçki günü işıqlar sönüb: “Lakin videogörüntülərdən aydın olur ki, müşahidəçilər işıqlar sönəndə seçki qutularının yanında durub, oraya heç kimi yaxınlaşmağa qoymayıblar”.

MSK-nın iclasında müraciət müzakirəyə çıxarılıb, qeyd olunan məntəqələrdə səsvermənin nəticələri ləğv olunmaqla, şikayət qismən təmin edilib. Qərar 32 saylı Suraxanı üçüncü seçki dairəsində seçkinin ümumi nəticələrinə təsir etməyib.

MSK-nın bu gün keçirilən iclasında 79 saylı İmişli Seçki Dairəsindən namizədlər İlqar Hüseynli, Murad Fərzəliyev və İltizam Əkbərlinin şikayətinə də baxılıb. MSK üzvü Bəxşeyiş Əsgərov bildirib ki, şikayətlər eyni məğzi əhatə etdiyindən bir əsasda birləşdirilib: “Müraciətlərdə çoxlu sayda videogörüntü, protokol, akt MSK-ya təqdim edilib. Araşdırma zamanı namizədlər MSK-da olub. Gecə saatlarına qədər biz onlarla araşdırma aparmışıq. Aparılan araşdırma nəticəsində iki məntəqə üzrə seçki qanunvericiliyinin pozulmasını müşahidə etmişik. 14 saylı və 23 saylı məntəqədə keçirilən səsvermənin seçicilərin iradəsini əks etdirmədiyi məlum olub. Seçki məntəqələrində əsas mübahisələndirilən məsələ protokolların namizədlərə verilməməsidir. Murad Fərzəliyev isə 43 seçki məntəqəsinin 37-dən protokolları əldə edə bilib. O, şikayətə əlavə olaraq, 19 və 20 saylı məntəqələrdə də seçkinin nəticələrini araşdırmağı xahiş edib. Ekspert Qrupu sosial şəbəkədə yayılan və veb-kameralardakı görüntüləri də araşdırıb, 14, 16, 21, 23 və 25 saylı məntəqələrdə səsvermənin nəticələri etibarsız hesab edilib”.

MSK müzakirələrdən sonra 14, 16, 21, 23, 25 saylı seçki məntəqəsində səsvermənin nəticələrini etibarsız hesab edib və şikayətləri qismən təmin edib.

Qeyd edək ki, 79 saylı İmişli Seçki Dairəsi üzrə lider namizəd Razi Nurullayevdir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR