Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 35 saylı Xətai Üçüncü Seçki dairəsindən deputatlığa namizəd İqbal Ağazadə və onun səlahiyyətli nümayəndəsi Rəfail Tağızadənin şikayətinə baxılıb.
APA-nın məlumatına görə, bu barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.
O bildirib ki, Ekspert Qrupu tərəfindən aparılan araşdırmadan sonra məlum olub ki, 35 saylı Xətai Üçüncü Seçki Dairəsinin bütün seçki məntəqələrində qanunvericiliyin tələbləri pozulub: “Həmin pozuntular səsvermənin keçirilməsi və səsvermənin nəticələrini müəyyən edərkən seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermir. Burada seçicilərin iradəsini yenidən müəyyən etmək mümkün deyilsə, səslərin yenidən sayılması üçün əsas yoxdur”.
İclasda həmin Seçki Dairəsi üzrə seçkinin nəticələrinin etibarsız hesab edilməsi təklif olunub.
MSK üzvü qeyd edib ki, müraciət qismən təmin edilsin, 30 seçki məntəqəsi üzrə səsvermənin nəticələri ləğv olunsun, həmin seçki dairəsi üzrə seçkinin nəticələri etibarsız sayılsın.
Məsələ müzakirəyə çıxarılıb və 35 saylı Xətai Üçüncü Seçki Dairəsində nəticələr ləğv olunub.
Qeyd edək ki, bu dairədə “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu lider namizəd elan olunmuşdu.